
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Tehrandakı səfirliyini
bağladığını elan etdi.
Trend-in məlumatına görə, bu barədə ölkənin Xarici İşlər
Nazirliyi açıqlama verib.
Nazirlik bildirib ki, ölkə həmçinin İranın BƏƏ ərazisinə raket
zərbələrinə cavab olaraq İrandakı səfirini və diplomatik
missiyasının bütün üzvlərini geri çağırır.
“Xarici İşlər Nazirliyi təsdiqləyir ki, bu qərar BƏƏ-nin
təhlükəsizliyini və suverenliyini təhdid edən istənilən təcavüzə
qarşı qətiyyətli və sarsılmaz mövqeyini əks etdirir. Bu,
gərginliyin azaldılması səylərini pozan və regionu olduqca
təhlükəli bir yola sövq edən, regional və beynəlxalq sülh və
sabitliyi, eləcə də enerji təhlükəsizliyini və qlobal
iqtisadiyyatın sabitliyini təhdid edən davam edən düşmənçilik və
təxribatçı davranışlar fonunda qəbul edilib”, – deyə nazirlik
bildirib.


