
Bakı. Trend:
Vasili Nebenzya ABŞ və İsraili İrana hərbi hücumlara görə tənqid
edərək, onları suveren BMT üzvü olan dövlətə qarşı “səbəbsiz
silahlı təcavüz aktı” adlandırıb.
Trend xəbər verir
ki, bunu Nebenzya BMT Təhlükəsizlik Şurasının İranla bağlı
iclasında çıxışı zamanı bildirib.
Səfir hücumların yüksək vəzifəli siyasi liderləri və mülki nüvə
obyektlərini hədəf aldığını qeyd edib. “İran hakimiyyət
orqanlarından mülki şəxslər də daxil olmaqla itkilər barədə real
vaxt rejimində məlumatlar alırıq. Ölkənin 24 əyalətində 200-dən çox
insan ölüb”, – deyə o bildirib.
Nebenzya 85 uşağın həlak olduğu Minabdakı qızlar məktəbinə
edilən hücumla bağlı xüsusi narahatlığını ifadə edib və qurbanların
ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını
arzuladığını bildirib.
Səfir əlavə edib ki, Rusiya İrandakı vətəndaşlarının
təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri
görəcək.


