Xocavənd kəndində iki transformator məntəqəsi bərpa olunub

Baş səhifə
Xocavənd kəndində iki transformator məntəqəsi bərpa olunub

Xocavənd rayonunun eyni adlı kəndində iki transformator məntəqəsi bərpa olunub.

“Report”un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli deyib.

Onun sözlərinə görə, Xocavənd kəndində hazırda mövcud olan 278 fərdi evdən 128-i yararsız, 150-si isə qismən yararlıdır:

“Qismən yararlı olan evlərin 20-si artıq təmir olunub, bu il daha 130 evdə təmir işləri aparılacaq. Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin Xocavənd rayonuna qayıdışı davam etdirilir. Fevral ayı ərzində Xocavənd kəndinə 94 nəfərdən ibarət 20 ailənin daimi qayıdışı təmin olunub. İlin sonuna qədər isə kəndə daha 533 nəfərdən ibarət daha 130 ailənin daimi qayıdışının təmin edilməsi planlaşdırılır”.

O da bildirilib ki, Xocavənd kəndində bir sıra sosialyönümlü işlər görülüb. Kəndin təbii qazla təmin edilməsi üçün 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud xətlər və 2 transformator məntəqəsi bərpa olunub.

Kənddaxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.