
Bakı. Trend:
Əfqanıstan-Pakistan arasında meydana gələn eksalasiyalar fonunda
Pakistan Hərbi Hava Qüvvələri əməliyyat keçirərək Kabil, Qəndəhar
və digər bölgələrdə hərbi infrastrukturuna aviazərbələr
endirib.
Trend xəbər verir
ki, bu barədə “Al-jazeera” telekanalı məlumat yayıb.
Rəsmi İslamabad bəyan edir ki, Əfqanıstan Talibanının “səbəbsiz
şəkildə atdığı addımlardan sonra vəziyyət artıq açıq müharibə
mərhələsinə keçib və dövlət buna sərt şəkildə cavab verir”.
Məlumatlara əsasən, Pakistan hərbi təyyarələri hələ də Qəndəhar
üzərində uçuş həyata keçirir. Vəziyyət son dərəcə həssas və
mürəkkəb olaraq qiymətləndirilir.
Qeyd edək ki, Pakistan ordusu əməliyyatları ölkə ərazisində
ard-arda törədilən terror aktlarından sonra həyata keçirib.
Fevralın 6-da İslamabadda yerləşən şiə məscidində törədilən
intihar partlayışı nəticəsində azı 36 nəfər həlak olub.
Fevralın 21-də isə Xeybər-Paxtunxvada yerləşən Bannu şəhərində
daha bir terrorçu kamikadze təhlükəsizlik konvoyuna hücum edərək
iki hərbçini öldürüb. Həmin hücumlar Pakistanın Əfqanıstan
ərazisində ilk zərbə dalğasına başlamasına səbəb olub. Pakistanın
bildirdiyinə görə, zərbələr silahlı qrupların, xüsusilə də
“Təhrik-e-Taliban Pakistan” (Pakistan Talibanı) üzvlərinin
gizləndiyi sığınacaqlara və bazalara yönəldilib.
Əfqanıstan tərəfi bu hücumlar nəticəsində azı 18 nəfərin
öldüyünü açıqlayıb və cavab tədbirləri görəcəyini bəyan edib ki, bu
da cümə axşamı gecəsi silahlı toqquşmaların başlanmasına gətirib
çıxarıb.


