Luka Skiepatti: “TAP-ın infrastrukturunun hidrogen nəqlinə hazırlığı yoxlanılır” – MÜSAHİBƏ

Baş səhifə

Avropanın enerji arxitekturasının transformasiyası həlledici mərhələyə qədəm qoyur və Cənub Qaz Dəhlizi (SGC) Aİ-nin enerji təhlükəsizliyi sisteminin əsas elementlərindən birinə çevrilir. SGC Məşvərət Şurasının iclası ərəfəsində ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi və infrastrukturun Avropanın iqlim məqsədlərinə uyğunlaşdırılması məsələləri diqqət mərkəzindədir.

“TAP AG”nin idarəedici direktoru Luka Skiepatti “Report”a eksklüziv müsahibəsində Trans-Adriatik Qaz Boru Kəmərinin kommersiya fəaliyyətinin ilk beş ilinin yekunlarını qiymətləndirib, 2026-cı ilin yanvar ayından Avropaya əlavə qaz tədarükünü təmin edən genişləndirmənin birinci mərhələsinin həyata keçirilməsi, hidrogen adaptasiyası, dekarbonizasiya perspektivləri və boru kəmərinin REPowerEU təşəbbüsündəki rolundan bəhs edib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

– Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində mart ayında keçiriləcək görüşlərdə TAP nümayəndələrinin iştirakı planlaşdırılırmı? İştirakla bağlı müsbət qərar veriləcəyi halda konsorsium bu il hansı əsas mövzuları müzakirəyə çıxarmaq niyyətindədir?

– Şübhəsiz ki, nümayəndə heyətimiz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tədbirlərində iştirak edəcək. Bu platforma dövlət qurumlarını, beynəlxalq təşkilatları, maliyyə institutlarını və ixtisaslaşmış şirkətləri, o cümlədən TAP-ı bir araya gətirən mühüm forum statusunu qoruyub saxlayır. Bu hadisə Cənub Qaz Dəhlizinin Avropa regionunun enerji infrastrukturunun ayrılmaz elementi kimi strateji əhəmiyyətini vurğulayır.

TAP 2025-ci ilin nailiyyətlərinə əsaslanaraq müzakirələrdə fəal iştirak etməyi planlaşdırır. Bu nailiyyətlər Avropaya tədarük edilən qazın həcminin 50 milyard kubmetrə çatdırılmasını, kommersiya fəaliyyətinin beşilliyini və tranziti dayandırmadan ötürücülük qabiliyyətinin genişləndirilməsinin birinci mərhələsinin vaxtında tamamlanmasını əhatə edir. Əməliyyat proseslərinin etibarlılığı, infrastruktur obyektlərinin dayanıqlığı və bütün dəhlizin əlaqələndirilmiş şəkildə inkişafı xüsusilə diqqət mərkəzində olacaq.

Biz bütün qaz nəqli şəbəkəsi çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsinə böyük əhəmiyyət veririk. Bura milli tənzimləyicilər, tranzit ölkələrin səlahiyyətli orqanları, Avropa İttifaqı qurumları, qonşu ötürücü sistem operatorları və karbohidrogen hasilatı üzrə tərəfdaşlarla koordinasiya daxildir. Bundan başqa, uzunmüddətli perspektivdə Avropaya tədarükün şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində mövcud infrastrukturun rolunun müzakirəsi vacib aspektdir.

– Yanvarın 1-dən etibarən TAP boru kəməri rəsmi olaraq illik əlavə 1,2 milyard kubmetr qaz nəql etmək gücünə malikdir. Bu həcmlər də daxil olmaqla tədarükə nə vaxt başlanılacaq? Boru kəmərinin tam ötürücülük qabiliyyətinin 2026-cı ilin birinci yarısında təmin olunması mümkündürmü?

– Bu ilin əvvəlindən TAP illik 1,2 milyard kubmetr həcmində əlavə uzunmüddətli həcmlər təklif edir. Bu həcmlər 2021-ci ilin bazar sınağı çərçivəsində yükgöndərənlər arasında bölüşdürülüb, bura PRISMA platforması vasitəsilə hərraclara çıxarılan qısamüddətli həcmlər də daxildir.

Yeni həcmlərə çıxış TAP-ın Yunanıstanda yerləşən kompressor stansiyasında işlərin uğurla tamamlanması və genişləndirmənin birinci mərhələsinin icrasının təmin edilməsi nəticəsində mümkün olub. 2024-cü ilin yanvar ayında başlayan layihə vaxtından əvvəl və büdcə çərçivəsində başa çatdırılıb.

İşlər təhlükəsizlik normalarına riayət olunmaqla və mövcud qaz axınları dayandırılmadan aparılıb ki, bu da TAP-ın istismar etibarlılığını, yüksək planlaşdırma intizamını və tapşırıqların icra keyfiyyətini nümayiş etdirib.

– Əvvəllər İtaliyaya əlavə təxminən 1 milyard kubmetr, Albaniyaya isə 200 milyon kubmetr qaz tədarük ediləcəyi bildirilmişdi. Albaniya bazarı üçün bu rəqəmləri təsdiqləyə bilərsinizmi? Albaniya infrastrukturu ölkə tarixində ilk dəfə boru kəməri ilə təbii qaz almağa nə dərəcədə hazırdır?

– Əlavə uzunmüddətli tutumun böyük hissəsi (illik təxminən 1,04 milyard kubmetr) Türkiyə-Yunanıstan sərhədində yerləşən Kipoi giriş nöqtəsindən birbaşa İtaliyaya tranzit üçün 2026-cı il yanvarın 1-dən etibarən rezervasiya edilib. Bölüşdürülmüş həcmlərin qalan hissəsi (0,16 milyard kubmetr) isə 1 oktyabr 2026-cı il tarixindən etibarən Yunanıstandan Albaniyada tikiləcək yeni çıxış nöqtəsinə qədər olan marşrutla çatdırılması üçün sifariş edilib. TAP konsorsiumu uzunmüddətli qaz nəqli müqavilələrində təsdiqlənmiş qrafikə ciddi şəkildə uyğun olaraq “Roskovets” çıxış nöqtəsini hazır vəziyyətə gətirməyi planlaşdırır.

TAP onun məsuliyyəti və ya idarəetmə nəzarəti xaricində olan işləri şərh etmək səlahiyyətinə malik deyil. Bununla yanaşı, biz Albaniya ərazisində təbii qaz infrastrukturunun inkişafına köməklik göstərmək öhdəliyimizə tam sadiqik.

– 2023-cü ilin bazar sınaqlarının keçirilməsinin ardınca yekun investisiya qərarının 2026-cı ilin yanvarında qəbul edilməsi planlaşdırılırdı. Hazırda vəziyyət necədir: TAP konsorsiumu növbəti mərhələyə başlamağa və ötürmə gücünü illik 20 milyard kubmetrə qədər artırmağa hazırdırmı?

– Bazar tələbindən asılı olaraq, TAP ötürmə qabiliyyətini daha da artıraraq ildə 20 milyard kubmetrdən çox ümumi həcmə çatmaq potensialına malikdir.

Gələcəkdə genişlənmə ən azı iki ildən bir təşkil edilən açıq, şəffaf və ayrı-seçkiliyə yol verilməyən bazar sınağı proseduru vasitəsilə başlayacaq. Əlavə genişlənmənin miqyası və vaxtı bazar sınağı çərçivəsində daxil olan məcburi tutum sifarişlərinin səviyyəsi və onların iqtisadi məqsədəuyğunluğu ilə müəyyən ediləcək.

2023-cü ilin bazar sınağı heç bir tutum bölgüsü olmadan 2025-ci ilin dekabr ayında başa çatıb. Bununla yanaşı, 2025-ci ilin iyulunda başlayan 2025-ci ilin bazar sınağının qeyri-məcburi mərhələsi hazırda davam edir.

– Keçən il TAP konsorsiumu boru kəməri materiallarının sınaqdan keçirilməsinin mühüm mərhələsini, həmçinin yerüstü obyektlərin “gap”analizini başa çatdırdı. İlkin məlumatlar mövcud infrastrukturun əsaslı yenidənqurma zərurəti olmadan qaz-hidrogen qarışığının (hidrogenin payı 10-20 % olmaqla) nəqlinə hazır olduğunu təsdiqləyirmi? Hansı komponentlərin, məsələn, kompressor stansiyaları və ya ölçmə cihazlarının yenilənməsinə ehtiyac yarana bilər və bu prosesin bazar tələbi və tənzimləyicinin tələblərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılırmı?

– Hədəfimiz təbii qazla birlikdə hidrogenin tranzitini təmin etmək üçün aktivi inkişaf etdirməkdir və hazırda bu layihənin texniki cəhətdən mümkünlüyünü təhlil edirik. Artıq orta və uzunmüddətli dövrdə nəqlə hazırlıq üçün “yol xəritəsi” yaradılıb.

2021-ci ildə aparılmış ilkin araşdırma TAP-ın bu sahədəki potensialını təsdiq edib. Bundan sonra TAP beynəlxalq laboratoriyada materialların yoxlanılmasını, həmçinin hidrogen nəqli üçün tələb olunan yerüstü qurğuların uyğunluğu ilə bağlı sınaqlar aparıb. Bu tədqiqatların nəticələri hazırda ekspertlər tərəfindən ətraflı şəkildə təhlil edilir.

Hidrogen bazarının tələblərinə və qüvvədə olan tənzimləyici normalara cavab vermək üçün obyektlərin yenilənməsinə kapital qoyuluşu və nəql olunan hidrogenin payı mərhələli şəkildə artırılacaq.

– “TAP AG” hidrogen sektorunun inkişaf strategiyalarını Xəzər regionundakı əsas tərəfdaşlar və səhmdarlar, o cümlədən dövlət orqanları və enerji şirkətləri ilə necə razılaşdırır? TAP-ın regionla Avropa İttifaqı arasında universal enerji körpüsünə çevrilməsi perspektivi nəzərdən keçirilirmi? Bu baxımdan dekarbonizasiya sahəsində, xüsusilə emissiyaların azaldılması, kompressor avadanlığının yenilənməsi və potensial elektrifikasiya üzrə hansı nailiyyətlər əldə olunub?

– Biz hidrogen və digər “yaşıl” qazlar sahəsində irəliləyişi təhlil etmək üçün bütün səhmdarlarla fəaliyyətimizi mütəmadi olaraq əlaqələndiririk. Məqsədimiz bu sahənin gələcək trendlərinə uyğun şəkildə hərəkət etmək, aktivlərin dəyərinin artırılmasını və investorlarımızın sərmayələrinin gəlirliliyini təmin etməkdir. TAP konsorsiumu Avropanın enerji transformasiyasını dəstəkləmək funksiyasını aydın şəkildə başa düşür, eyni zamanda enerji təhlükəsizliyinə töhfə verir və istehsal fəaliyyətinin dekarbonizasiyasına doğru planlı şəkildə irəliləyir.

2050-ci ilə qədər olan dövrü əhatə edən uzunmüddətli enerji keçidi strategiyası kontekstində şirkət 2022-2025-ci illər üçün Karbon İdarəetmə Planını həyata keçirib. Bu proqram TAP-ın karbon izini proqnozlara nisbətən 5 %, metan emissiyalarını 8 %, qeyri-mütəşəkkil (fugitiv) emissiyaları isə eyni dövr üçün LDAR baza səviyyələri ilə müqayisədə 54 % azaltmaq məqsədi daşıyan 50-dən çox tədbiri əhatə edib. Əsas səylər optimallaşdırma metodlarının tətbiqi və enerji səmərəliliyinin artırılması vasitəsilə birbaşa CO₂ emissiyalarının azaldılmasına yönəldilmişdi.

Həmçinin elektrifikasiya sahəsində araşdırmalar, infrastrukturun hidrogen və biometan nəqlinə hazırlığının təmin edilməsi üzrə işlər aparılıb, eləcə də sızmaların aşkarlanması və aradan qaldırılmasına gücləndirilmiş nəzarətlə dəstəklənən Metan Emissiyalarının Azaldılması Planı yerinə yetirilib.

2025-ci ilə qədər TAP istixana qazlarının ümumi həcminin proqnoz göstəricilərinə nisbətən 25 %-dən çox, metan emissiyalarının isə 50 %-dən çox azaldılmasına nail olub. Bundan əlavə, qeyri-mütəşəkkil emissiyalar baza göstəricilərə nisbətən 85 %-dən çox azaldılıb. Daxili analitik məlumatlara görə, TAP-ın fəaliyyətində CO₂ emissiyalarının 95 %-dən çoxu qaz-kompressor avadanlıqlarının fəaliyyətinin nəticəsidir. Bununla əlaqədar, eləcə də potensial genişləndirməni nəzərə alaraq, TAP həm mövcud, həm də inşası planlaşdırılan stansiyalarda elektrik kompressorlarının quraşdırılması imkanını araşdırır.

Bu proses elektrik şəbəkə bağlantısı nöqtələrinin müəyyən edilməsini, enerji təchizatının etibarlılığının təhlilini və əməliyyat ehtiyaclarının təmin edilməsi üçün aşağı karbonlu elektrik enerjisinin mövcudluğunu əhatə edir. Eyni zamanda TAP bütün obyektlərində istixana qazları ilə bağlı məlumatların toplanması və hesabatlılığı üçün zəruri alətləri və sistemləri inteqrasiya edib. 2026-cı ilin fevral ayında Yunanıstanda Kipoi kompressor stansiyasında Aİ Emissiya Ticarət Sisteminin (EU ETS) tələblərinə uyğunluq yoxlaması uğurla başa çatıb.

– TAP “OGMP 2.0” çərçivəsində metan emissiyaları üzrə hesabatlılıq sahəsində “qızıl standart”a çatmağı hədəflədiyini elan edib. Sertifikatlaşdırma proseduru hansı mərhələdədir və bu, layihənin Avropa bankları və institusional investorlar üçün cəlbediciliyinə necə təsir göstərir?

– TAP 2023-cü ildə “OGMP 2.”0 təşəbbüsünə qoşulub. Bu platforma UNEP-in (BMT-nin Ətraf Mühit Proqramı) neft-qaz sənayesində emissiyaların azaldılmasına və hesabatlılığa yönəlmiş mühüm proqramdır.

Sistem şirkətlərin metan emissiyalarının monitorinqi, hesabatlılığı və azaldılması səylərinə əsasən nail ola biləcəyi beş hesabatlılıq və performans səviyyəsini müəyyən edir. “OGMP 2.0” məqsədlərinə uyğun olaraq, 2025-ci ildə TAP “Qızıl Standart” uyğunluq sertifikatına (Gold Standard Pathway Certificate) layiq görülüb. Bu mühüm nailiyyət konsorsiumun istismar prosesində metan emissiyalarının daha dərin təhlilinə, kəmiyyət qiymətləndirməsinə və azaldılmasına sadiqliyini nümayiş etdirir.

Sertifikatın alınması TAP-ın “OGMP 2.0″ın enerji sektorunda qlobal səmərəlilik və şəffaflıq meyarı olan sərt normativlərinə uyğun olaraq emissiyaların ölçülməsi və hesabatların təqdim edilməsi üçün hərtərəfli “yol xəritəsi” hazırladığını nümayiş etdirir.

“Gold Standard Pathway” statusunun əldə edilməsi “Gold Standard Reporting Certificate” hesabatlılıq sertifikatına sahib olmaq üçün mühüm mərhələdir. TAP həmin sənədi bu il, faktiki ölçmələrə əsaslanan hesabatlılığa aid bütün tələblərin tam tətbiqi başa çatdıqdan dərhal sonra almağı planlaşdırır.

– “REPowerEU” planını, dekarbonizasiya məqsədlərini və Xəzər regionu, həmçinin Orta Dəhlizlə qarşılıqlı əlaqənin gücləndirilməsini nəzərə alaraq, TAP-ın Avropa İttifaqının yenilənmiş enerji strukturunun qurulmasındakı rolunu necə qiymətləndirirsiniz?

– Artıq altıncı ildir fəaliyyət göstərən Trans-Adriatik Boru Kəməri özünü sabit, etibarlı və ekoloji yönümlü ötürücü sistem operatoru kimi təsdiqləyib. Kommersiya əməliyyatlarının başlanmasından bəri Avropaya təxminən 56 milyard kubmetr qaz nəql edilib ki, bu da yüksək qeyri-sabitlik dövründə qitənin enerji təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə olub. Tədarük həcmlərindən əlavə, TAP regional kommunikasiyaların inkişafı və şaxələndirmə sayəsində ev sahibi ölkələrin Avropanın enerji sisteminə inteqrasiyasını gücləndirib.

Boru kəməri Xəzər regionu ilə Avropa İttifaqı bazarları arasında fiziki əlaqə yaradaraq, məhz Avropanın öz enerji arxitekturasını yenidən qurduğu bir vaxtda tədarük mənbələrinin müxtəlifliyini artırıb. “REPowerEU” proqramı ikili məqsədi əks etdirir: konkret marşrutlardan və tədarükçülərdən struktur asılılığın azaldılması ilə yanaşı, dekarbonizasiya proseslərinin sürətləndirilməsi.

Aİ-nin aktual qanunvericilik bazası və siyasəti sabit enerji keçidinin dəstəklənməsi və tədarüklərin etibarlılığının təmin edilməsi üçün zəruri olan şaxələndirilmiş və bir-biri ilə əlaqəli infrastrukturun əhəmiyyətini ön plana çəkir. Bu baxımdan Cənub Qaz Dəhlizi, o cümlədən onun Avropa seqmenti olan TAP strateji əhəmiyyətli enerji infrastrukturu obyekti statusunu qoruyub saxlayır.

Avropa Komissiyası TAP-ın ötürücülük qabiliyyətinin artırılmasının Aİ və Qərbi Balkan ölkələrinə qaz tədarükünü daha da gücləndirə biləcəyini qeyd edib ki, bu da Azərbaycan və Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı çərçivəsində təsbit olunub. Bununla yanaşı, TAP-ın funksiyaları Avropanın dekarbonizasiya kursuna uyğunlaşdırılır. Təbii qaz qısamüddətli dövrdə dəstəkləyici rol oynayarkən, boru kəməri fəaliyyətinin səmərəliliyini planlı şəkildə artırır, emissiya səviyyəsini azaldır, eləcə də infrastrukturun Aİ-nin iqlim məqsədlərinə uzunmüddətli uyğunlaşmasını təhlil edir.

TAP indiki mərhələdə dayanıqlığı və şaxələndirməni gücləndirməklə və gələcəyin aşağı karbonlu enerji sistemi üçün çevikliyi qorumaqla Avropa İttifaqının yeni enerji arxitekturasının yaradılmasına töhfə verir.