İranın Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan arasında qarşılıqlı investisiya diqqət mərkəzində saxlanılır – Vali (ÖZƏL MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayəti ilə
Azərbaycan arasında investorların qarşılıqlı olaraq yatırımlara
yönəldilməsi, onların fəaliyyət sahələrinin genişləndirilməsi, iş
adamlarının qarşılıqlı səfərlərinin həyata keçirilməsi diqqət
mərkəzində saxlanılır.

Bunu Trend
müsahibəsində İranın Şərqi Azərbaycan vilayətinin valisi Bəhram
Sərməst deyib.

Onun sözlərinə görə, həm Azərbaycanla mövcud tarixi ortaqlıqları
nəzərə alaraq, həm də İranda prezident Məsud Pezeşkianın işə
başlaması ilə Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi
siyasətini nəzərə alaraq, İran tərəfi Azərbaycanla əlaqələrə
prioritet olaraq yanaşır.

Sərməst deyib ki, qarşılıqlı səfərlər çərçivəsində əldə olunan
razılaşmalara əsasən hər iki ölkənin iş adamları və sahibkarların
fikir mübadiləsi aparmaları, birgə əməkdaşlığa şərait yaratmaları
nəzərdə tutulur. Şərqi Azərbaycan vilayəti bu prosesi
dəstəkləyir.

“Əlavə olaraq qeyd etmək lazımdır ki, İran prezidenti Məsud
Pezeşkianın sərhəd bölgələrdə yerləşən vilayətlərin valilərinin
səlahiyyətlərini artırması ciddi şəkildə diqqət mərkəzindədir.
Azərbaycanla münasibətlərdə Şərqi Azərbaycan vilayəti və Təbrizin
mövqeyi nəzərə alınaraq valilik üçün bir sıra prioritetlər
müəyyənləşdirilib.

İranın Şərqi Azərbaycan vilayətinin ticarət dövriyyəsi əsasən
Türkiyə, Rusiya, İraq və başqa ölkələrlədir. Azərbaycanla ticarət
imkanları olsa da, qənaətbəxş hesab olunmur. Halbuki ticarət
əlaqələrini inkişaf etdirməklə daha böyük imkanlar yaratmaq
mümkündür”, – deyə o bildirib.

Sərməst qeyd edib ki, Şərqi Azərbaycan vilayətinin iqtisadi
inkişafı çərçivəsində çoxlu sayda planların həyata keçirilməsi
nəzərdə tutulub. Təbriz mərkəzliyi ilə Şərqi Azərbaycan vilayəti
həmişə müxtəlif sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat,
sənaye, mədəni və ictimai sahələrdə özünəməxsus mövqeyə sahib olub.
Müxtəlif zaman kəsiyində Şərqi Azərbaycan vilayəti bu önəmli
rolundan müəyyən qədər uzaqlaşıb. Yenidən Şərqi Azərbaycanın bu
önəmli rolunu geri qaytarmaq istiqamətində səylər göstərilir. Bu
baxımdan Şərqi Azərbaycan vilayətində qısa, orta və uzunmüddətli
məqsədlər formalaşdırılıb.

“Şərqi Azərbaycan vilayətində bir sıra infrastruktur layihələr
mövcuddur ki, bu layihələr vilayətin əsaslı inkişafında önəmli
məqsədlər hesab olunur. Bu layihələrdən vilayətdən keçən avtomobil
yolları və dəhlizləri xüsusi vurğulamaq olar. Təbriz-Sufyan və
davamında Türkiyə ilə sərhəddə Bazerqan sərhəd-keçid məntəqəsinə
gedən avtomobil yolu, Təbriz-Urmiya avtomobil yolu, Həştrud-Marağa
avtomobil yolu, Xavəran-Təbriz və Təbriz-Çeşm-e Sorəyya dəmiryolu
və Azərbaycanı İran vasitəsi ilə Naxçıvana birləşdirən Kəlalə-Culfa
strateji avtomobil yolu Şərqi Azərbaycan üçün əhəmiyyət kəsb edən
nəqliyyat infrastrukturlarıdır. Şərqi Azərbaycan vilayəti üçün bu
əlaqə yollarının yaradılması böyük əhəmiyyət kəsb edir.




Şərqi Azərbaycan vilayətində əhəmiyyətli sahələrdən biri sənaye
sektorudur. Sənaye sektoru vilayətdə inkişaf etmiş və inkişaf
etməkdə olan sahələrdən sayılır. Vilayətdə maşınqayırma, müxtəlif
növ avadanlıqların ehtiyat hissələrinin istehsalı mövcuddur. Eyni
zamanda avtomobilqayırma sənayesini də inkişaf etdirmək
mümkündür.

Vilayətdə 57 sənaye parkı aktiv şəkildə fəaliyyət göstərir.
Vilayətdə özünəməxsus şəkildə xarici yatırımla yaradılan xüsusi
sənaye parkı və Araz Azad Ticarət Sənaye Zonası mövcuddur. Bu
potensiallar təkcə Şərqi Azərbaycan vilayəti üçün deyil, qonşu
ölkələrlə, o cümlədən Azərbaycanla ticarət mübadilələrində
özünəməxsus rola sahib ola bilər. Bir çox sahələrdə ortaqlıqları
nəzərə alaraq iki ölkə sərhədlərinin hər iki tərəfində birgə
ticarəti möhkəmləndirmək olar”, – deyə o qeyd edib.

Vali bildirib ki, bölgədə yüksək texnologiyalı sənayeni tətbiq
etməklə vilayət öz rolunu yüksəltməyə çalışır. Bu, Şərqi Azərbaycan
vilayətinin prioritetləri sırasına daxildir.

“Kənd təsərrüfatı sektorunda vilayətdə böyük potensiallar
mövcuddur. Quşçuluq, emal sənayesi vilayətdə diqqət mərkəzində
duran sahələrdir.

Şərqi Azərbaycan vilayəti mədən sahəsində zəngin ehtiyatlara,
misdən tutmuş qızıla qədər minerallara sahibdir. Eyni zamanda
xalçaçılıq və bir sıra digər sahələr vilayətdə inkişaf etməkdədir.
Bütün bunlar Şərqi Azərbaycan vilayətinin iqtisadi inkişafında
önəmli rola sahibdir.

Şərqi Azərbaycan vilayəti qonşu ölkələrlə əlaqədar, həm Avrasiya
İqtisadi İttifaqına üzv ölkələr, həm də Avropa ölkələri üçün
iqtisadi qapı roluna sahibdir.

Şərqi Azərbaycan vilayəti xarici investorların sənaye
parklarında yatırımlar etməsinə imkanlar yaratmağa çalışır. Eyni
zamanda qonşu ölkələrə məhsul ixracının artırılması istiqamətində
səylər göstərilir”, – deyə o bildirib.

Onun sözlərinə görə, son vaxtlarda Şərqi Azərbaycan vilayətində
iqtisadi sektorlarda 110 adsız (müxtəlif səbəblərə görə, adı
açıqlanmır) investisiya imkanı müəyyənləşdirilib. İranın daxili
işlər naziri İskəndər Momeninin Şərqi Azərbaycan vilayətinə səfəri
çərçivəsində həmin investisiya imkanının dördünün təqdimatı
keçirilib. Dörd investisiya imkanının dəyəri 220 trilyon rial
(təxminən 168 milyon dollar) təşkil edib. Bundan əlavə şəhər
inkişafı sahəsində də 130 adsız investisiya imkanı
müəyyənləşdirilib. Şərqi Azərbaycan valiliyi iqtisadi cəhətdən
investorları tam şəkildə dəstəkləməkdədir.