Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Belçikanın paytaxtı Brüsseldəki Azərbaycan Evində Xocalı
soyqırımı qurbanları ehtiramla yad olunub. Anım tədbiri Brüssel
Azərbaycan Evi, Azərbaycan diaspor təşkilatlarının birgə
təşkilatçılığı, Azərbaycanın Respublikasının Belçika Krallığındakı
Səfirliyinin dəstəyi ilə baş tutub.

Trend bu barədə
Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman
şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Səfirliyin birinci katibi Emin Rüstəmov çıxışında Xocalı
soyqırımı haqqında ətraflı məlumat verib. Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya
ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən
danışıb.




Daha sonra Benilüks ölkələrində yaşayan Azərbaycanlıları
Koordinasiya Şurasının Belçika üzrə əlaqələndiricisi, MADANİ
platformasının rəhbəri Emin Əliyev , BUTAM Azərbaycan Mədəniyyət
Assosiasiyasının həmtəsisçisi Əliağa Sultanov çıxış ediblər.

Çıxışlarda Xocalı faciəsinin unudulmamasının və gələcək
nəsillərə çatdırılmasının, eləcə də Azərbaycan həqiqətlərinin
beynəlxalq ictimaiyyətə daha geniş şəkildə təqdim olunmasının
zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda, diaspor
təşkilatlarının bu istiqamətdə birgə və sistemli fəaliyyətinin
vacibliyi qeyd olunub.

Tədbirdə “Xocalı nişanəsi” sənədli filmi və pianoçu, dirijor,
bəstəkar Abuzər Manafzadənin “Xocalıya” adlı musiqi əsərinin
videoçarxı nümayiş etdirilib.

Sonda iştirakçılar Xocalı soyqırımını əks etdirən fotosərgi ilə
tanış olublar.