
Kuba Daxili İşlər Nazirliyi adanın sahillərində katerlə baş vermiş atışmada iştirak edənlərin şəxsiyyətini müəyyənləşdirib: onların hamısı ABŞ-də yaşayan kubalılar olub.
“Report” xəbər verir ki, bu barədə qurumun nümayəndələri “Facebook” sosial şəbəkəsində məlumat yayıblar.
Məlumata görə, saxlanılan şəxslər terror xarakterli təxribat planlaşdırıblar.
Nazirlikdən bildirilib ki, Floridada qeydiyyatda olan katerin göyərtəsində on silahlı kubalı olub. Saxlanılma zamanı onlardan tüfəng, tapança, əldəqayırma partlayıcı qurğu və zirehli jiletlər müsadirə edilib. Saxlanılan şəxslər dindirilmə zamanı terror aktı törətmək niyyətində olduqlarını etiraf ediblər.
“Onların əksəriyyətinin cinayət keçmişi var. Araşdırmalar davam edir”, – məlumatda qeyd olunub.
Nazirlik daha əvvəl bəyan etmişdi ki, Floridadan gələn və ABŞ bayrağı altında üzən kater ölkənin ərazi sularına daxil olub. Gəmi heyəti Kuba sərhədçilərinə atəş açıb. ABŞ katerində olan dörd nəfər öldürülüb, daha altı nəfər yaralanıb. Bundan əlavə, Kuba sərhəd xidmətinin bir əməkdaşı da yaralanıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


