Nazir müavinlərinin vəzifədən azad edildiyi rəsmən təsdiqləndi – YENİLƏNİB

Baş səhifə

General-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyevin fövqəladə hallar nazirinin müavini vəzifəsndən azad edildiyi rəsmən təsdiqlənib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Modern.az saytının sorğusuna verilən cavabda bildirilib.

Qeyd edilib ki, Orucəli Hacıyevlə Etibar Mirzəyevin adları nazirliyin rəsmi internet səhifəsindəki rəhbərlik bölməsindən artıq çıxarılıb.

***

Fövqəladə Hallar Nazirliyində (FHN) müavinlərin vəzifədən azad edilməsi dolayısı ilə təsdiqlənib.

Modern.az xəbər verir ki, nazirliyin rəsmi internet səhifəsində rəhbərlik bölməsində dəyişiklik edilib.

Belə ki, dünənədək həmin bölmədə nazir müavinləri kimi göstərilən general-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyevin adı siyahıdan çıxarılıb. 

Xatırladaq ki, bir müddət əvvəl onların vəzifədən azad edilməsi ilə bağlı məlumat yayılmışdı. Lakin nazirlik bu məlumatı nə təkzib, nə də təsdiq etmişdi.

İndi generallar Orucəli Hacıyevlə Etibar Mirzəyevin adının FHN-in saytından çıxarılması onların vəzifədən azad edilməsini təsdiqləmiş olub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin saytında general-leytenant Rəfail Mirzəyev 1-ci müavin, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Tapdıq Əmiraslanov və Adil Abdullayevin isə müavinlər olaraq göstərilib.