UN-Habitat: 2050-ci ilə qədər Asiya şəhərlərində əhalinin sayı daha 1,2 milyard nəfər artacaq

Baş səhifə
UN-Habitat: 2050-ci ilə qədər Asiya şəhərlərində əhalinin sayı daha 1,2 milyard nəfər artacaq

WUF13 Asiya-Sakit okean regionu ölkələrinin hökumətləri və cəmiyyətləri üçün praktiki həllərin mübadiləsi, tərəfdaşlıqların gücləndirilməsi və şəhər siyasəti sahəsində qlobal gündəmin formalaşmasına təsir etmək üçün strateji imkandır.

“Report” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) Banqkokdakı çoxölkəli proqram ofisinin rəhbəri Şrinivasa Popuri Bakıda keçiriləcək BMT-nin dayanıqlı şəhərsalma üzrə WUF13 qlobal konfransına həsr olunmuş regional KİV üçün onlayn brifinqdə bəyan edib.

Onun sözlərinə görə, bu gün Asiya-Sakit okean regionu əhalisinin 50 %-dən çoxu – təxminən 2,3 milyard nəfər şəhərlərdə yaşayır və 2050-ci ilə qədər onların sayı daha 1,2 milyard nəfər artacaq.

“Əhalisi 10 milyondan çox olan 33 meqapolisdən 19-u Asiyada yerləşir. Onların 2050-ci ilə qədər nə qədər genişlənəcəyini təsəvvür etmək mümkündür. Asiya-Sakit okean regionu qlobal şəhər transformasiyasının ön sıralarındadır.

Bizim şəhərlərimiz iqtisadi artımın, innovasiyaların və rəqəmsal inkişafın hərəkətverici qüvvələridir. Eyni zamanda onlar mürəkkəb çağırışlarla üzləşirlər: tikinti işlərinin geniş vüsət alması, mənzil əlçatanlığı problemləri, qeyri-rəsmi məskunlaşma və sosial təcrid, infrastruktur çatışmazlığı, təbii fəlakətlər və son günlərdə, həftələrdə və aylarda regionda şahidi olduğumuz iqlim həssaslığı”, – Ş.Popuri bildirib.