Böyük Britaniyada inflyasiya azaldı

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada inflyasiya 3 faizədək azalaraq ötən ilin mart
ayından bəri ən aşağı səviyyəyə enib.

Trend “The
Independent”ə istinadla xəbər verir ki, bu göstərici ölkədə faiz
dərəcələrinin yaxın aylarda azaldıla biləcəyi ilə bağlı ümidləri
artırıb.

İstehlak Qiymətləri İndeksi üzrə məlumatlar Milli Statistika
İdarəsi tərəfindən açıqlanıb. Belə ki, inflyasiya dekabr ayında
gözlənilmədən 3,4 faizə yüksəlmişdi. Son rəqəmlər isə ötən ilin
sonlarında müşahidə olunan tədricən azalma tendensiyasının yenidən
bərpa olunduğunu göstərir.




Analitiklərin proqnozlarına əsasən, inflyasiya göstəricisi aprel
ayına qədər hökumətin müəyyən etdiyi 2 faizlik hədəfə çata bilər.
Bu həftə açıqlanan işsizliyin artması, əməkhaqqı artım tempinin
zəifləməsi və iqtisadi fəallığın aşağı səviyyədə qalması fonunda
inflyasiyanın azalması İngiltərə Bankının martın 19-da keçiriləcək
Pul Siyasəti Komitəsinin iclasında faiz dərəcələrini endirməsinə
təkan verə bilər.

Qeyd edək ki, inflyasiya 2022-ci ilin oktyabrında 11 faizi
ötmüşdü. Son bir ildə göstərici daha idarəolunan həddə qayıtsa da,
azalma tempi biznes və əhali üçün arzuolunandan daha yavaş olub və
bu səbəbdən faiz dərəcələri uzun müddət yüksək səviyyədə
saxlanılıb.

Ötən il yüksək inflyasiyanın əsas səbəblərindən biri olan ərzaq
qiymətlərində də artım tempinin zəifləyəcəyi gözlənilir.