
Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim
edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı
tədbirlərin davamı olaraq Naxçıvan şəhərində 1, 2, 3, 4, 5, 6, 7, 8
və 9 nömrəli şəhərdaxili, eləcə də paytaxtın 142 nömrəli
şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri
müəyyən edilib.
Trend xəbər verir ki, bu
barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat
yayıb.
Bildirilir ki, Naxçıvan şəhərində 1 nömrəli (Əliabad qəsəbəsi –
Yeni Naxçıvan yaşayış massivi), 2 nömrəli (Tumbul kəndi – Əyləncə
adası), 3 nömrəli (Olimpiya İdman Kompleksi), 4 nömrəli (“Araz”
İstehsalat Birliyi – Əliabad qəsəbəsi), 5 nömrəli (Elektrik
yarımstansiyası – Xalçaçılıq fabriki), 6 nömrəli (Babək şəhəri –
Zəfər parkı), 7 nömrəli (Qaraçuq kəndi – “Cahan” ticarət mərkəzi),
8 nömrəli (Xəlilli kəndi – “Cahan” ticarət mərkəzi) və 9 nömrəli
(Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti – Yeni Naxçıvan
yaşayış massivi) şəhərdaxili marşrutlar üzrə hüquqi şəxs “BakuBus”
MMC qalib elan olunub.
Paytaxtın 142 nömrəli (metronun “20 Yanvar” stansiyası – Masazır
kəndi) şəhərətrafı marşrutu üzrə müsabiqənin qalibi isə hüquqi şəxs “Çinar-Trans” MMC-dir.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə
təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun
olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,
təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların
təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.


