
Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Suriya Ərəb Respublikasına 120,085
milyon ABŞ dolları dəyərində 350,899 milyon kubmetr (qaz halında)
təbii qaz ixrac edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü
Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri
çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında
Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının
sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl
Bəşir imzalayıblar.
İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki
hazırlıqlar tamamlanıb. 2025-ci ilin avqustun 2-dən etibarən isə
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start
verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard
kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis
şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına
çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq.
Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı
gücünə nail olunması nəzərdə tutulur.
Əlavə edək ki, ümumilikdə, 2025-ci ildə Azərbaycan 8,8 milyard
ABŞ dolları dəyərində 25,2 milyard kubmetr təbii qaz (qaz halında)
ixrac edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər
baxımından 413 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından
isə 585 milyon kubmetr və ya 2,3% azdır.


