
Bakı.Trend:
2020-ci ildən indiyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 836
uşaq övladlığa verilib. Onlardan 422 nəfəri oğlan, 414 nəfəri
qızdır.
Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.
Bildirilir ki, uşaqların övladlığa verildiyi ailələrdə
vəziyyətlərinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək
övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə
bir dəfə monitorinqlər aparılır.
2020-ci ilin ortalarından fəaliyyətə başlayan Agentliyin
reinteqrasiya tədbirləri nəticəsində isə ötən dövrdə dövlət uşaq
müəssisələrindən 467-si oğlan, 387-si qız olmaqla 854 uşaq öz
ailələrinə qaytarılıb. Həmçinin 856 uşağın ailələri tərəfindən
müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz
ailələrində saxlanılması təmin olunub.

