Bu işçilər ixtisara düşəndə 2 800 manat müavinət alacaqlar

Baş səhifə

Bakı. Trend:

Qanunvericiliyə əsasən, müəssisə ləğv edildikdə və ya fiziki
şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə, işçilərin
sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən
tərəfindən xitam verilə bilər.

İqtisadçı-ekspert Allahverdi Aydın Trend-ə açıqlamasında
xatırladıb ki, bu hallarda əmək müqaviləsinə xitam verilən işçiyə
müəyyən ödəmələr həyata keçirilməlidir.

Belə ki, işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə
bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək
stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti
ödənilir:

  • bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı
    miqdarında;
  • bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq
    əməkhaqqının azı 1,4 misli miqdarında;
  • beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq
    əməkhaqqının azı 1,7 misli miqdarında;
  • on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı
    iki misli miqdarında.

Həmçinin, işəgötürən yuxarıda nəzərdə tutulan müavinətdən əlavə
ay tamam olmadığı hallarda faktiki işlədiyi günlər üçün əməkhaqqı
və əgər istifadə edilməmiş məzuniyyət günləri varsa, buna görə də
kompensasiya ödəyir.

Ekspert 1 100 manat əməkhaqqı alan işçiyə
bu hallarda nə qədər müavinət ödəniləcəyinə dair hesablama
aparıb:

“Misal üçün deyək ki, Kamran adlı şəxs “ABC” MMC-də
10.03.2023-cü il tarixindən baş mühəndis
vəzifəsində çalışır. O, işə qəbul olunduğu tarixdən əmək
müqaviləsinə xitam verilən tarixədək aylıq 1 100
manat əməkhaqqı alıb. Kamran işlədiyi müddətdə əmək məzuniyyətindən
iki dəfə istifadə edib. “ABC” MMC-nin fəaliyyətinə xitam verildiyi
üçün Kamranın əmək müqaviləsinə 10.02.2026-cı il
tarixdən xitam verilib.

Bu halda əmək müqaviləsinə xitam verildiyi tarixə Kamrana
ödənilməli olan son haqq-hesab bu şəkildə hesablanır:

Əvvəlcə, işlənmiş iş günləri üçün əməkhaqqı hesablanır.
İstehsalat təqviminə əsasən, 2026-cı ilin
fevral ayında 21 iş günü var.
Kamran fevral ayında 7 iş günü çalışıb və son iş
günü 10 fevral tarixidir.

1 100 : 21 =
52,4 manat;

52,4 × 7 =
366,7 manat.

Daha sonra istifadə edilməmiş məzuniyyətə görə kompensasiya
hesablanır:




Kamran işlədiyi müddətdə əmək məzuniyyəti hüququndan iki dəfə
istifadə etməyib. O, 10.03.2023
10.03.2025-ci il tarixlərini əhatə edən iki iş
ilində məzuniyyət hüququndan istifadə edib. Lakin 10.03.2025-ci il
tarixindən sonra məzuniyyət hüququndan istifadə etməyib. “ABC”
MMC-də mühəndis vəzifəsində işləyən Kamranın bir iş ilində 30
təqvim günü məzuniyyət hüququ var. Kamran sonuncu iş ilində
11 ay işləyib. Hər ay üçün orta məzuniyyət günü
2,5 gün (30 / 12
= 2,5) edir. 11 ay üçün isə
27,5 gün (11 ×
2,5 = 27,5) edir.

Orta aylıq əməkhaqqının 1 100 manat
olduğunu nəzərə aldığımız zaman məzuniyyətə görə kompensasiya
aşağıdakı kimi olur:

(1 100 : 30,4) ×
27,5 = 995,1 manat.

Kamrana işinə xitam verilməsinə görə ödəniləcək işdənçıxarma
müavinətinin məbləği isə aşağıdakı kimi olacaq:

Ödənişdən əvvəlki iki ay – dekabr
yanvar ayları üzrə Kamranın gəliri 2
200
manat (1100 × 2)
olub. Həmin aylarda iş günlərinin sayı 40 gün
olub. Nəticədə bir günlük əməkhaqqı 55 manat
(2 200 : 40) olacaq.

2026-cı il üzrə orta aylıq iş günlərinin sayı
20,08 gün qəbul edildiyi üçün Kamrana veriləcək
orta aylıq əməkhaqqının məbləği 1 104,4 manat
(55 × 20,08) olacaq. Kamranın iş
stajı bir ildən çox, beş ildən az olduğu üçün ona orta aylıq
əməkhaqqının azı 1,4 misli miqdarında müavinət –
1 546,2 manat (1 104,4 ×
1,4 = 1546,2) veriləcək.

Vergi Məcəlləsinə əsasən, müəssisənin fəaliyyəti dayandığı zaman
əmək müqaviləsinə xitam verildikdə işçilərə ödənilən təminatlar
gəlir vergisindən və sosial ödənişlərdən azad edilir.

Lakin işlənmiş iş günləri üçün əməkhaqqı və istifadə edilməmiş
məzuniyyətə görə kompensasiya vergi və digər sosial ödənişlərdən
azad olunmur. Bu səbəbdən Kamrana ödəniləcək 366,7
manat işlənmiş iş günləri üçün əməkhaqqından və
995,1 manat istifadə edilməmiş məzuniyyətə görə
kompensasiyadan cəmi 156,2 manat
(DSMF (122,2) + işsizlik
sığortası
(6,8) + icbari tibbi
sığorta
(27,2) = 156,2)
tutulacaq.

Bütün bunlardan sonra son haqq-hesab məbləği bu şəkildə
olacaq:

334,9 manat (işlənmiş günlər üçün əməkhaqqı) +
884,7 manat (istifadə edilməmiş məzuniyyətə görə
kompensasiya) + 1 546,2 manat (işdənçıxarma
müavinəti) = 2 765,8 manat.

Deməli, bu nümunədən də göründüyü kimi, ayda 1
100
manat əməkhaqqı alan bir şəxsin müəssisənin fəaliyyəti
dayandığı üçün əmək müqaviləsinə xitam verilərsə, işəgötürən ona
2 765,8 manat ödəməlidir”.