
Bakı. Trend:
Azərbaycan qanunvericiliyində hərbi qulluqçuların xidmət
illərinə görə hansı şərtlərlə pensiya hüququna malik olmaları öz
əksini tapıb.
Trend-in
məlumatına görə, bir qrup hərbi qulluqçular xidmət illərinə görə
pensiya hüququna malikdirlər.
Belə ki, aşağıdakılar xidmət illərinə görə pensiya hüququna
malikdirlər:
- xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət
və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; - xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi
iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya
orqanlarda xidmətdə keçirmiş şəxslər; - xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına,
habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45
yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı
12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş
şəxslər; - hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və
Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində
köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
Xidmət illərinə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin
olunur:
- 20 il və daha çox xidmət etmiş hərbi qulluqçulara 20 il xidmət
üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına
və ya xəstəliyinə görə hərbi həkim komissiyaları tərəfindən hərbi
xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara isə
55 faizi; 20 ildən yuxarı xidmətin hər ili üçün
müvafiq təminat xərcliyinin 3 faizi; - xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi
iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya
orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin
50 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün
müvafiq təminat xərcliyinin 1 faizi; - xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına,
habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45
yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı
12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş
şəxslərə müvafiq təminat xərcliyinin 55 faizi və
25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin
1 faizi; - hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və
Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında
iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin
50 faizi və 15 ildən yuxarı xidmətin hər ili üçün
müvafiq təminat xərcliyinin 3 faizi.
Yuxarıda göstərilən qaydada hesablanan pensiyaların maksimum
məbləği pensiyanın müəyyən olunması üçün əsas götürülən təminat
xərcliyindən artıq ola bilməz.
20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etməyə
görə pensiyanın minimum məbləği Azərbaycan qanunvericiliyi ilə
müəyyən edilən minimum əmək haqqının 150 faizi
məbləğində təyin edilir.
Xidmət illərinə görə hərbi qulluqçuların pensiyaları (o
cümlədən minimum məbləğdə hesablanmış pensiyalar) üzərinə aşağıdakı
əlavələr hesablanır:
- öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin
edilməli şəxslərə aid edilən əmək qabiliyyəti olmayan ailə üzvləri
olan işləməyən pensiyaçılara ailənin əmək qabiliyyəti olmayan hər
bir üzvü üçün “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda
müəyyən edilmiş yaşa görə pensiyanın minimum məbləğinin 50
faizi həcmində (bu halda əlavə yalnız ailənin əmək
pensiyası və ya sosial pensiya almayan üzvləri üçün hesablanır);
ailənin əmək qabiliyyəti olmayan üzvünün eyni zamanda həm sosial
pensiya almaq, həm də xidmət illərinə görə pensiyaya əlavə almaq
hüququ varsa, pensiyaçının istəyi ilə ailə üzvünə sosial pensiya
təyin edilə bilər, yaxud ailənin həmin üzvü üçün pensiyaya əlavə
hesablana bilər; - 75 yaşına çatmış tənha pensiyaçılara onlara qulluq üçün yaşa
görə minimum pensiyanın 50 faizi məbləğində; - müharibə əlillərinə və iştirakçılarına:
– I qrup əlillərə yaşa görə minimum pensiyanın 300
faizi məbləğində,
– II qrup əlillərə yaşa görə minimum pensiyanın 250
faizi məbləğində,
– III qrup əlillərə yaşa görə minimum pensiyanın 150
faizi məbləğində; (yuxarıda nəzərdə tutulmuş üç əlavə növü
eyni vaxtda hesablana bilər) - döyüşən ordunun tərkibində, partizan dəstələrində xidmət etmiş,
beynəlmiləlçilik borcunun yerinə yetirilməsi ilə bağlı döyüş
əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular sırasından olan
müharibə iştirakçılarına yaşa görə minimum pensiyanın 100
faizi məbləğində.
“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna uyğun
olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət
illərinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi
qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş
şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların
bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra
hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda
həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət
göstərilməlidir.


