Almaniya Ukraynaya “Patriot” HHM sistemlərini təhvil verdi

Baş səhifə

Bakı. Trend:

Almaniya artıq Ukraynaya öz 12 “Patriot” hava hücumundan müdafiə
(HHM) sistemindən 5-ni təhvil verib.

Trend xəbər verir
ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius “istəklilər
koalisiyası”nın görüşünün yekunları üzrə keçirilən mətbuat
konfransında bildirib.

O qeyd edib ki, hava hücumundan müdafiə Ukraynaya dəstəyin
prioritetlərindən biridir. “Almaniya artıq öz 12 “Patriot”
sistemindən 5-ni təhvil verib. Biz ardıcıl olaraq “IRIS-T”
sistemlərini, idarəolunan raketləri və müxtəlif tipli döyüş
sursatlarını tədarük edirik”, – Pistorius deyib və əlavə edib ki,
2026-cı ildə Ukraynaya dəstək üçün Almaniyanın federal büdcəsində
11,5 milyard avro nəzərdə tutulub.

Nazir bildirib ki, HHM və pilotsuz uçuş aparatları şəklində
daimi dəstəkdən əlavə, Almaniya uzaqmənzilli artilleriya üçün döyüş
sursatlarının maliyyələşdirilməsini də təmin edəcək.




“Tərəfdaş ölkələrin sənayesinin Ukrayna ilə sıx əməkdaşlığı
bizim üçün vacibdir. Ona görə çox şadam ki, Almaniyada birgə
müəssisə çərçivəsində Ukrayna pilotsuz uçuş aparatlarının
istehsalına başlanılıb”, – Pistorius əlavə edib.

Onun sözlərinə görə, digər tərəfdaş ölkələrin ümumilikdə 30
raket ianə etməsi şərti ilə Almaniya Ukraynaya 5 ədəd “PAC-3”
tutucu raketi təqdim edəcək.

Pistorius vurğulayıb ki, Ukrayna bundan sonra da Almaniyanın
dəstəyinə arxalana bilər.