“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır

Baş səhifə

Bakı. Trend:

“Google” şirkətinin süni intellekt platforması “Gemini” artıq
Azərbaycan dilində istifadəçilər üçün əlçatandır.

Trend-in
məlumatına görə, bu barədə “YouTube”un Orta Şərq və Şimali Afrika
(MENA) regionu üzrə rəhbəri Cavid Aslanov məlumat paylaşıb.

Məlumata əsasən, Azərbaycan dilində təqdimat “Gemini 3” erasının
– şirkətin indiyədək ən güclü və qabaqcıl süni intellekt nəslinin
qlobal istifadəyə verilməsi ilə eyni vaxta təsadüf edir.

“Lokallaşdırılmış interfeys artıq veb versiyada aktivdir,
həmçinin mobil cihazlarda (“Android” və “iOS”) tam dəstək və real
vaxt rejimində danışıq imkanı yaradan “Gemini Live” funksiyası
mövcuddur.




Cavid Aslanov bildirib ki, istifadəçilər üçün “Nano Banana” və
“Veo” kimi yaradıcı alətlər də təqdim edilir. Bununla yanaşı,
məhsuldarlıq və təhsil istiqamətində üç yeni funksiya Azərbaycan
dilində istifadəyə verilib.

“Canvas” istifadəçilərə yazı və proqramlaşdırma üçün xüsusi iş
mühiti təqdim edərək mürəkkəb layihələr üzərində “Gemini” ilə
paralel işləməyə imkan yaradır. “Deep Research” müxtəlif
mənbələrdən məlumatları təhlil və sintez edərək geniş hesabatlar
hazırlayır. “Guided Learning” isə sistemi fərdiləşdirilmiş müəllim
formatına çevirərək mövzuların addım-addım izahı və interaktiv
testlər vasitəsilə öyrənilməsini təmin edir.

“Bu yenilik Azərbaycan dilində rəqəmsal ekosistemin
genişlənməsinə və süni intellekt alətlərinin daha əlçatan olmasına
töhfə verəcək”, – deyə Cavid Aslanov vurğulayıb.