Alimlər yeni cırtdan dinozavr növü kəşf edib – toyuq boyda

Baş səhifə
dinozar rəsmi

Şəklin mənbəyi, Martina Charnelli

    • Müəllif, Sofi Abdulla və Paula Adamo İdoeta
    • Vəzifə, BBC
  • Oxuma vaxtı: 4 dəq

İspaniyanın şimalında tapılmış qeyri-adi dərəcədə kiçik sümüklərin uzun illər davam edən araşdırılmasından sonra alimlər belə nəticəyə gəliblər ki, bu qalıqlar toyuq ölçüsündə olan balaca bir dinozavra məxsus olub.

Yeni növə Foskeia pelendonum adı verilib. Alimlərin fikrincə, o, təxminən 125 milyon il əvvəl Yer üzündə yaşayıb və ot yeyən dinozavrların nəsli kəsilmiş qrupu olan ornitopodlara aid olub. Çox kiçik ölçülərinə baxmayaraq, bu dinozavrın təəccüblü dərəcədə inkişaf etmiş kəllə quruluşu olub.

İspaniyanın La-Laquna Universitetindən paleontoloq Penelopa Krusado-Kabalyero bildirib:

“Onun anatomiyası elə qəribədir ki, bu, təkamül ağaclarını yenidən yazmağa məcbur edir”.

Tapıntı üzərində iş 2013-cü ildən bəri Argentina Rio-Negro Milli Universitetindən paleontoloq Pol-Emil Dyödonnenin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu tərəfindən aparılıb. Alimlərin sözlərinə görə, tapılmış qalıqlar ən azı beş fərqli fərdin sümüklərinə aiddir.

Dyödonne BBC-yə müsahibəsində deyib: “Məncə, bu kəşfin ən maraqlı tərəfi odur ki, bu göstərir: gələcəkdə daha çox belə fosil qalıqları tapılacaq və onların böyük əksəriyyəti kiçik dinozavrlara aid olacaq”.

O əlavə edib: “Kiçik ölçülü dinozavrlar düşündüyümüzdən qat-qat daha müxtəlif olub və çox güman ki, bu gün tanıdığımız qrupların əksəriyyəti də məhz zamanla böyüyən bu kiçik dinozavrlardan yaranıb”.

Foskeia pelendonum ölçüsünə görə toyuğa bənzəyir

Şəklin mənbəyi, Dieudonné et al. 2026

Şəklin alt yazısı, Foskeia pelendonum ölçüsünə görə toyuğa bənzəyir

Ən balacası Avropadadır

Lakin Dyödonnenin qeyd etdiyi kimi, daha xırda dinozavrların qalıqları daha kövrək olur və onları tapmaq daha çətindir.

“Təəssüf ki, xırda qalıqlar daha çox parçalanmış olur və bəzi kiçik sümüklərin quruluşu daha tez yoxa çıxır”, – deyə o əlavə edib.

Tədqiqat iştirakçısı, Belçikanın Brüssel Azad Universitetindən paleontoloq Koen Ştaynin sözlərinə görə, Avropada tapılmış qalıqların ümumi fonunda bu dinozavr qeyri-adi dərəcədə kiçik olub.

Onun boyunun təxminən 25–30 sm olduğu güman edilir, yəni təxminən toyuq ölçüsündə olub.

“Düşünürəm, əminliklə demək olar ki, bu, Avropa qitəsindəki ən balaca dinozavrlardan biridir, hətta bəlkə də ən balacasıdır. Və ola bilsin, dünyadakı ən kiçik dinozavrlardan biridir”, – deyə Ştayn BBC-yə bildirib.

Tədqiqatçılar kiçik dinozavrın kəlləsinin 3D modelini hazırlayıblar.

Şəklin mənbəyi, Dieudonné et al. 2026

Şəklin alt yazısı, Tədqiqatçılar kiçik dinozavrın kəlləsinin 3D modelini hazırlayıblar.

Əvvəlcə alimlər güman edirdilər ki, tapılan bu xırda sümüklərin aid olduğu dinozavrlar, sadəcə, cavan fərdlər ola bilər. Lakin daha dərindən aparılan araşdırma bunun əksini göstərib.

Ştayn izah edib ki, ən azı bir fərd yetkin olub. O əlavə edib ki, gənc yaşlarında onlar ehtimal ki, dörd ayaq üstə hərəkət ediblər, böyüdükdən sonra isə iki ayaq üstə yeriməyə başlayıblar.

Foskeia, ornitopodlar daxilində olan bir qrup sayılan rabdodontomorfların ən erkən məlum nümayəndəsidir.

Dyödonne izah edib ki, rabdodontomorflar “çox güman ki, elə başlanğıcdan çox kiçik olublar” və bu, “onlara yırtıcılarla qarşılaşmaqdan yayınmağa imkan verib”.

O əlavə edib: “Kiçik ölçü uzun məsafələrə qaçmaq üçün uyğun deyil, amma tez bir zamanda sığınacaq tapmaq üçün idealdır”.

Onilliklər tələb edən kəşf

Fosillərin böyük hissəsi hələ 1998-ci ildə tapılıb, bəzi əlavə tapıntılar isə sonrakı illərdə eyni ərazidən çıxarılıb. Lakin onların dəqiq tanınması və identifikasiyası onilliklər aparıb.

Bu ərazini ilk dəfə aşkar edən və qalıqların əsas hissəsini toplayan şəxs tədqiqatın digər həmmüəllifi, İspaniyanın şimalındakı Salas-de-los-İnfantes şəhərində yerləşən Dinozavr Muzeyindən Fidel Torsida Fernandes-Baldor olub.

O deyib: “Əvvəldən bilirdik ki, bu sümüklər öz qeyri-adi dərəcədə kiçik ölçülərinə görə müstəsnadır”.

Yeni tədqiqatda Foskeia pelendonum-un kəllə tağı və beyin qutusundan götürülmüş birləşmiş sümüklər (yəni oynaq vasitəsilə bir-birinə bağlı sümüklər) təhlil edilib.

Şəklin mənbəyi, Paul-Emile Dieudonné

Şəklin alt yazısı, Yeni tədqiqatda Foskeia pelendonum-un kəllə tağı və beyin qutusundan götürülmüş birləşmiş sümüklər (yəni oynaq vasitəsilə bir-birinə bağlı sümüklər) təhlil edilib.

Tədqiqatçılar qeyd edirlər ki, Foskeia-nın kəşfi – adındakı “Fos” qədim yunan dilində “işıq” mənasını verən sözdən gəlir – ornitopod dinozavrların necə təkamül etdiyini anlamaq baxımından böyük əhəmiyyət daşıyır.

Tədqiqatın həmmüəllifi, Argentinanın Kordova Milli Universitetindən paleontoloq Markos Beserra deyir: “Kiçik ölçülü olmaq heç də təkamül baxımından primitiv olmaq demək deyil”.

Foskeia-nın dişlərinin düzülüşü də qeyri-adi idi: Dyödonnenin sözlərinə görə, irəli yönəlmiş ön dişlər “mərkəzdə nəhəng bir üçdişli nizə (trident) kimi” görünürdü.

Ştayn əlavə edir ki, “bir qədər qəribə” dişlərdən başqa, bu dinozavrın “maraqlı kəllə morfologiyası” da var idi.

“Bu, təkamülün apardığı eksperimentlərin daha bir nümunəsidir,” – deyə o bildirib.

Foskeia pelendonum-un diş sümüyünün (alt çənənin) bir fraqmenti

Şəklin mənbəyi, Paul-Emile Dieudonné

Şəklin alt yazısı, Foskeia pelendonum-un diş sümüyünün (alt çənənin) bir fraqmenti

Kəllənin əhəmiyyəti

2016-cı ildə dərc edilmiş daha əvvəlki tədqiqatda bu fosillər ilkin olaraq və kifayət qədər şərti şəkildə Vegagete adlı bir ornitopod dinozavra aid edilmişdi.

Lakin o vaxt məlumatlar tapıntını rəsmi şəkildə təsvir etmək və təsnifləndirmək üçün yetərli deyildi.

Yeni tədqiqatdakı əsas irəliləyiş kəllənin yeni elementlərinin, o cümlədən onun fraqmentlərinin tapılması sayəsində baş verib.

Məhz bu, alimlərə dinozavrı qəti şəkildə müəyyənləşdirməyə və ona rəsmi ad verməyə imkan yaradıb: Foskeia pelendonum.

Dyödonne izah edir: “Canlılarda, adətən, bizə ən çox məlumat verən məhz kəllə olur. O, qidanın necə çeynəndiyini, görməni, bədən tarazlığını izah edir”.

Onun sözlərinə görə, başın forması heyvanın ətraf mühitdəki ehtiyaclarına çox güclü şəkildə uyğunlaşır. Buna görə də: “Bu kəllə sümükləri – nə qədər kiçik və parçalanmış olsalar belə – bizə heyvanın həyat tərzi haqqında çox böyük həcmdə məlumat verir”.

Alim əlavə edib: “Belə tapıntıları sənədləşdirmək vacibdir ki, bu canlıların necə böyüdüyünü, necə yaşadığını, necə öldüyünü və necə təkamül etdiyini anlaya bilək. Bu, bizə keçmişdə həyatın dəyişən mühit şəraitinə uyğun olaraq necə davamlı şəkildə dəyişdiyini başa düşməyə kömək edir”.