
Bakı. Trend:
“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 9 müraciət daxil
olub. Müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və
onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar
qəbul edilib.
“Startap” şəhadətnamələri fiziki şəxslər Rəşad İbrahimlinin
əyləncə janrında video oyun (“Steam PC” platforması), Sərxan
Abbaszadənin “85 Games Studio” brendi altında video oyunların
istehsalı, İlkin Süleymanovun “İnframed Life” – klinikalar üçün
onlayn idarəetmə sistemi, Yahya İsmayılovun “Jupiter” co-op macəra
video oyunu, Həsən Həsənovun “Meetra” görüş otaqlarının onlayn
idarə edilməsi platforması, İlkin Əliyevin “Special Meat”
simulyasiya və idarəetmə janrını birləşdirən kompüter oyunu, “Proveb” MMC-nin “Qrgate” QR kod əsaslı işə davamiyyətə nəzarət və
giriş-çıxış platforması və “Profmart” MMC-nin “Profmart” peşəkarlar
üçün onlayn xidmət platforması layihələri üçün verilib.
Təqdim edilmiş “Startap” şəhadətnamələri KOB subyektlərini
müvafiq innovativ layihələr üzrə əldə etdikləri gəlirləri mənfəət
və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
İndiyədək 255 mikro və kiçik sahibkara KOBİA tərəfindən
“Startap” şəhadətnaməsi verilib.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq
subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə
bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər,
eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı
linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi


