
Bakı. Trend:
11 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamı ilə “AzerGold” QSC-nin təsis
edilməsi ölkəmizin dağ-mədən sənayesində yeni inkişaf mərhələsinin
əsasını qoyub. Bu qərar filiz yataqlarının kəşfi və tədqiqi,
qiymətli metalların hasilatı, emalı və satışının vahid dəyər
zənciri üzrə təşkili, eləcə də Azərbaycan mədənçiliyinin
institusional, texnoloji və idarəetmə baxımından müasirləşdirilməsi
istiqamətində mühüm nəticələr verib.
Dövlət başçısının təşəbbüsü ilə biznes mühitinin
təkmilləşdirilməsi, ixracyönlü sahələrin stimullaşdırılması və
yerli istehsalın təşviqi məqsədilə həyata keçirilən ardıcıl
islahatlar “AzerGold” QSC-nin fəaliyyətinin davamlı şəkildə
genişlənməsi üçün əlverişli zəmin yaradıb.
5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq,
fəaliyyətə başlayan “AzerGold” QSC bir sıra mühüm istehsal və
infrastruktur layihələrini uğurla reallaşdıraraq ölkənin qeyri-neft
sektorunun inkişafına, ixrac potensialının genişlənməsinə və
regionlarda sosial-iqtisadi canlanmaya əhəmiyyətli töhfələr verib.
On illik fəaliyyət dövründə 2 yeni qızıl yatağı kəşf edən, 4 qızıl
mədənini və 1 regional sənaye kompleksini istismara verən Cəmiyyət
qeyri-neft sektorunun aparıcı dövlət şirkətlərindən biri kimi yerli
və beynəlxalq bazarlarda ümumilikdə 563 min unsiya qızıl və 989 min
unsiya gümüş satışı həyata keçirərək ölkə iqtisadiyyatına 1,9
milyard manatdan çox vəsait cəlb edib, 214 milyon manat həcmində
vergi, 37 milyon manat həcmində sosial ödəniş öhdəliyini həyata
keçirib.
“AzerGold” QSC-nin fəaliyyəti yalnız birbaşa iqtisadi gəlirlərin
formalaşdırılması ilə məhdudlaşmayaraq regionların inkişafına,
yüksək ixtisaslı insan kapitalının yetişdirilməsinə və məşğulluğun
artırılmasına da mühüm töhfələr verib. Şirkətin fəaliyyəti
nəticəsində ümumilikdə 2494 nəfər daimi işlə təmin olunub, xüsusilə
ucqar kəndləri təmsil edən yerli mədənçi kadrların hazırlanması
istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib. Yeni mədən
layihələrinin icrası ilə daimi iş yerlərinin sayının bir neçə dəfə
artırılması, ixtisaslı kadrların hazırlanması prosesinin daha da
genişlənləndirilməsi nəzərdə tutulur.
Hazırda dəmir filizi yataqlarının istismarını həyata keçirən
“Daşkəsən Dəmir Filizi” Məhdud Məsuliyyətli Cəmiyyəti, onun törəmə
müəssisəsi olan “Azerbaijan Metal Company” MMC, eləcə də ölkədə
sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə
ixtisaslaşmış yeganə şirkət olan “AzerBlast” MMC-ni öz fəaliyyəti
ətrafında birləşdirən “AzerGold” QSC dağ-mədən sahəsində
inteqrəolunmuş fəaliyyət modelini uğurla tətbiq edir.
“AzerGold” QSC sosial məsuliyyət, icmalarla əməkdaşlıq və ətraf
mühitin mühafizəsi sahələrində həyata keçirdiyi məqsədyönlü
tədbirlərlə dövlətin sosial-iqtisadi və ekoloji siyasətinin
icrasına mühüm töhfələr verir və bu istiqamətdə fəaliyyətini
ardıcıl şəkildə genişləndirir.
Qarşıdakı mərhələdə “AzerGold” QSC innovativ yanaşmaların və
müasir texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın
genişləndirilməsi yolu ilə milli mədən sənayesinin rəqabət
qabiliyyətinin artırılmasını, ölkəmizin perspektivli mineral-xammal
potensialının müəyyənləşdirilməsi, həmçinin qısa və orta müddətli
dövrdə bir neçə əlvan metal filizi mədəninin istismara verilməsi
ilə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına daha böyük töhfələr
verməyi hədəfləyir.


