
Bakı. Trend:
Regiondakı olaylarla əlaqədar öz mövqeyini sərgilədiyinə görə
Azərbaycan və Prezident İlham Əliyevə təşəkkür edirəm.
Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (11
fevral) Tehranda İran İslam İnqilabının qələbəsinin 47-ci illiyi
ilə əlaqədar təşkil olunan tədbirdə deyib.
İran prezidenti həmçinin Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı,
Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər ölkələrə öz
təşəkkürünü bildirib.
“İran qonşu və müsəlman ölkələrlə səmimi və qardaşlıq əlaqələri
qurmaqdadır. Bu ölkələrlə münasibətlərin yüksəldilməsi İranın əsas
prioritetlərindən biridir”, – deyə o qeyd edib.
Pezeşkian deyib ki, son vaxtlar İranda iğtişaşlar baş verdiyi
zaman qərb ölkələrinin müdaxilə etməyə cəhd etdikləri vaxt qonşu
ölkələr İranda stabilliyin tərəfdarı olduqlarını bildiriblər.
Qeyd edək ki, 31 yanvarda Azərbaycan Prezidenti İlham Əliyev və
İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş
tutub. Telefon danışığında dövlətimizin başçısı bölgədə yaranmış
vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın
gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu
bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı
anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.


