
Azərbaycanda tanınmış geyim mağazalarının sahibi Mustafa Tayatın rəhbəri olduğu şirkət cərimələnib.
Modern.az xəbər verir ki, Mərkəzi Bank “Etay Group İç Ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib edib.
Məlum olub ki, Mustafa Tayatın rəhbəri olduğu şirkət 12 dekabr 2023-cü il tarixində ölkə xaricinə avans olaraq köçürdüyü 369,480 ABŞ dolları məbləğində vəsaiti 2 il ərzində idxal edilməmiş mallar və ya geri qaytarılmayan valyuta vəsaiti formasında istifadə edib.
Məlum olub ki, Mustafa Tayatın rəhbəri olduğu şirkət tərəfindən 12 dekabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə 369480.00 ABŞ dolları məbləğində vəsait köçürüb. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya valyuta geri qaytarılmayıb.
Məhkəmənin qərarı ilə “Etay Group İç Ve Diş Ticaret Limited Şirketi”nin Azərbaycan Filialı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib və həmin məbləğin 20 faizi, yəni 73,896 dollar məbləğində inzibati cərimə tətbiq edilib. Cərimə ödəniş gününün məzənnəsi ilə Azərbaycan manatı ilə dövlət büdcəsinə köçürüləcək.
Qeyd edək ki, Mustafa Tayat Azərbaycanda 2008-ci ildən bizneslə məşğuldur və öz adını daşıyan xeyli mağazalar şəbəkəsi qurub. Zaman-zaman adı qalmaqallarda hallanan Tayatın şirkətinə son bir ildə Mərkəzi Bank tərəfindən bir neçə dəfə cərimə tətbiq edilib.


