Çexiya şirkəti Bakı metrosuna vaqon satmaq niyyətindədir

Baş səhifə
Çexiya şirkəti Bakı metrosuna vaqon satmaq niyyətindədir

Çexiyanın “ŠKODA Group” şirkəti “Bakı Metropoliteni” QSC-yə istehsal etdiyi vaqonları satmaq niyyətindədir.

“Report” “Bakı Metropoliteni”nə istinadən xəbər verir ki, bu barədə Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vüsal Aslanov ilə Çexiyanın aparıcı relsli nəqliyyat istehsalçılarından biri “ŠKODA Group”un Müşahidə Şurasının sədri və baş icraçı direktoru Petr Novotnının rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirələr aparılıb.

Görüşdə Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek də iştirak edib.

Bildirilib ki, müzakirələr zamanı 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan layihələr, həmçinin aşağı istismar xərcləri ilə seçilən 300-dək yeni vaqonun alınması məsələləri diqqət mərkəzində olub.

P. Novotnı “ŠKODA Group”un müxtəlif ölkələrdə reallaşdırdığı iri infrastruktur layihələri, tətbiq etdiyi qabaqcıl texnoloji həllər və toplanmış əməliyyat təcrübəsi barədə məlumat verərək, bu imkanların Bakı Metropoliteni ilə mümkün gələcək əməkdaşlıq çərçivəsində paylaşılmasına maraqlı olduqlarını bildirib.