“Qara qartallar”ın yeni ulduzu Oh kimdir?

Baş səhifə

“Beşiktaş”ın yeni transferi, santrfor Hyeon-gyu Oh debüt matçında göstərdiyi performansla diqqət mərkəzinə düşməyi bacarıb. Bəs Oh kimdir və necə oldu ki, ilk oyundann “qara qartallar”ın azarkeşlərinin rəğbətini qazandı?

Metbuat.az-ın məlumatına görə, İstanbul təmsilçisi 24 yaşlı cənubi koreyalı hücumçunu Belçikanın “Genk” klubundan 14 milyon avro qarşılığında heyətinə cəlb edib. Boyu 1,87 metr olan və güclü fiziki göstəriciləri ilə seçilən Hyeon-gyu Oh futbol təhsilini Cənubi Koreyanın “Suvon Bluvinqs” klubunda alıb. Məcburi hərbi xidmətini isə “Sancju Sanqmu” ordu komandasında başa vurub.

Daha sonra tanınmış məşqçi Anj Postekoglounun istəyi ilə Şotlandiyanın “Seltik” klubuna transfer olunan hücumçu burada keçirdiyi 47 oyunda 12 qol vurub, 5 kubok qazanaraq məhsuldar çıxışı ilə Avropa klublarının diqqətini üzərinə çəkib.

Dünən Türkiyə Super Liqasının 21-ci turunda “Alanyaspor”a qarşı keçirilən qarşılaşmada ilk “11-lik”də meydana çıxan Oh “Beşiktaş”ın 0:2 geridə olduğu çətin anlarda geri dönüşün əsas memarlarından olub. Oyunun 30-cu dəqiqəsində cərimə meydançasında rəqib tərəfindən yerə salınaraq penalti qazandırıb. Kapitan Orkun Kökçü bu imkanı qola çevirərək dönüşün ilk addımını atıb.

İkinci hissədə isə Hyeon-gyu Oh yenidən səhnəyə çıxıb. 54-cü dəqiqədə digər yeni transfer Aqbadounun ötürməsini möhtəşəm röveşata zərbəsi ilə tamamlayaraq hesabı bərabərləşdirib və tribunaları ayağa qaldırıb. Köməkçi hakimin ofsayd qərarına baxmayaraq, VAR yoxlamasından sonra qolun təmiz olduğu təsdiqlənib. Bununla da Oh “Beşiktaş” tarixində qol vuran ilk cənubi koreyalı futbolçu kimi adını klub tarixinə yazdırıb.

Enerjili oyun üslubu, müdafiə xəttinə daim təzyiq göstərməsi və yüksək bitiriciliyi ilə debüt matçına damğa vuran Hyeon-gyu Oh həm Postekoglounun onun haqqında səsləndirdiyi “qətiyyətli və inkişaf etməyə açıq oyunçu” fikirlərini doğruldub, həm də “Beşiktaş” azarkeşlərindən tam qiymət alıb.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.