Bu pulları dəyişmək mümkündür

Baş səhifə

Gündəlik istifadə zamanı pulların cırılması, yanması, üzərində yazıların silinməsi və ya başqa formada zədələnməsi tez-tez rast gəlinən haldır. Belə hallarda bir çox insan zədələnmiş əskinasların artıq yararsız olduğunu düşünür. Halbuki mövcud qaydalara əsasən, müəyyən şərtlər daxilində bu pulları dəyişmək mümkündür.

Metbuat.az-ın məlumatına görə, əgər əskinasın əsas hissəsi qorunub saxlanılıbsa və nominal dəyərini, seriya nömrəsini tanımaq mümkündürsə, həmin pul tədavüldə etibarlı hesab olunur. Belə əskinaslar mağaza və digər ödəniş yerlərində qəbul edilə bilər. Lakin bəzi hallarda satıcılar zədələnmiş pulları qəbul etməkdən imtina edirlər.

Bu zaman vətəndaşlar banklara müraciət edə bilərlər. Əgər zədələnmiş kağız pulun ən azı 60 faizi qorunub saxlanılıbsa və üzərindəki iki seriya nömrəsindən azı biri tam oxunursa, Mərkəzi Bank həmin əskinasın dəyərini tam şəkildə ödəyir. Pul ya bütöv ola bilər, ya da eyni əskinasın ardıcıl hissələrindən ibarət ola bilər. Əskinas eyni pula aid olsa da, hissələri ardıcıl deyilsə, bu halda da səthin 60 faizindən az olmaması və hər iki seriya nömrəsinin tam saxlanılması şərti ilə pul dəyişdirilir. Metal sikkələrə gəldikdə isə, əgər sikkə üzərindəki yazılar və təsvirlər onun nominalını müəyyən etməyə imkan verirsə və sikkə ciddi şəkildə deformasiyaya uğramayıbsa, onun dəyəri də Mərkəzi Bank tərəfindən ödənilir.

Yanmış, ciddi dərəcədə parçalanmış və ya bir hissəsi itmiş əskinaslarla bağlı qərar isə xüsusi ekspertiza nəticəsində verilir. Bank mütəxəssisləri pulu yoxlayaraq onun dəyişdirilib-dəyişdirilməyəcəyinə qərar verirlər.

Qeyd edək ki, qəsdən zədələnmiş pullar dəyişdirilmir və tədavüldən kənarlaşdırılır.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.