
Bakı. Trend:
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə
tənzimləyici qurumu İnformasiya və Kommunikasiya Texnologiyaları
Agentliyi (İKTA) ölkənin internet xidmətləri bazarında rəqəmsal
transformasiyanın növbəti mərhələsinə start verir. Agentlik
tərəfindən hazırlanan “Broadband Mapping” (Genişzolaqlı İnternet
Xəritələmə) və “E-Connection” (Elektron Qoşulma) xidmətləri
istifadəçilərə internet provayderlərini vahid platforma üzərindən
seçmək, müqayisə etmək və birbaşa qoşulma müraciəti göndərmək
imkanı yaradacaq.
Layihənin təqdimatı məqsədilə telekommunikasiya operatorları və
provayderləri ilə görüş keçirilib. İKTA-nın İdarə Heyətinin sədr
müavini Ceyhun Hüseynzadə çıxışında bu təşəbbüsün bazarın
ekosisteminə köklü təsir göstərəcəyini vurğulayıb.
“Broadband Mapping” platforması vasitəsilə vətəndaşlar və biznes
subyektləri ünvanları üzrə real xidmət göstərən provayderləri
interaktiv xəritə üzərindən müəyyən edə biləcəklər. Onu tamamlayan
“E-Connection” xidməti isə aşağıdakı üstünlükləri təqdim edir:
Şəffaf müqayisə: müxtəlif provayderlərin tarif
paketlərini və texniki göstəricilərini bir məkanda müqayisə
etmək;
Birbaşa müraciət: seçilmiş provayderə saniyələr
ərzində elektron sorğu göndərmək;
İzləmə mexanizmi: müraciətin qəbulundan
xidmətin aktivləşməsinə qədər olan bütün prosesi şəxsi kabinet
vasitəsilə izləmək;
Təhlükəsizlik: vətəndaşlar üçün rəqəmsal giriş,
operatorlar üçün isə gücləndirilmiş elektron imza vasitəsilə tam
hüquqi etibarlılıq.
İKTA-nın tətbiq etdiyi bu model ABŞ-nin Federal Kommunikasiya
Komissiyası (FCC) və Avropa İttifaqının BEREC strukturunun qabaqcıl
təcrübələrinə əsaslanır. Eyni zamanda bu platforma Dünya Bankının
“B-READY” hesabatı çərçivəsində qiymətləndirilən “məlumatlı seçim”
və “şəffaf bazar” meyarlarına cavab verir.
Layihəyə qoşulmuş operatorlar heç bir əlavə xərc çəkmədən dövlət
platformasında tanıtım üstünlüyü və müştəri bazasına birbaşa çıxış
əldə edəcəklər. Məlumatlarını təqdim etməyən provayderlər isə
xəritədə əks olunmayacaq. Bu da onların rəqəmsal seçim mühitindən
kənarda qalması ilə nəticələnəcək.
Agentlik vurğulayır ki, bu yanaşma inzibati məcburiyyət deyil,
bazar iştirakçılarını daha açıq və müştəriyönümlü fəaliyyətə təşviq
edən iqtisadi modeldir. 2025-ci ilin əvvəlindən məlumatlandırılan
internet servis provayderləri (İSP) üçün layihədə iştirak hər zaman
mümkün olacaq.
Hazırda test rejimində olan “E-Connection” xidmətinin 2026-cı
ilin mart ayında tam istifadəyə verilməsi planlaşdırılır.


