
Bakı. Trend:
Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən 2026-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar
Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən,
2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə
uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə
artırılır.
Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.
Bildirilir ki, Prezident İlham Əliyevin yeni “Əmək
pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamı
pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların
artırılması istiqamətində növbəti mühüm irəliləyişə imkan
yaradır.
Bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə
ehtiyac olmadan, elektron sistem üzərindən avtomatik şəraitdə
həyata keçirilir.
Pensiyalara yanvar ayı üzrə edilmiş artımlar fevral ayının
pensiyası ilə birgə ödəniləcək. Yəni, pensiyaçılar artıq fevral
ayının pensiyasını yeni artımla, habelə yanvar ayının pensiyasına
edilmiş artım məbləği ilə birgə alacaqlar.
Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara
(o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə
orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil
olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait
ayrılıb.
Dövlətimizin başçısının Sərəncamı ilə sığortaolunanların fərdi
hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya
kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik
səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılır.
Hər ilin əvvəlində tətbiq edilən bu artım sosial sığorta
sistemində iştirak edən şəxslərin pensiya kapitallarının yalnız
onların əməkhaqlarından sosial sığorta ayırmaları hesabına deyil,
dövlət tərəfindən də hər il indeksləşdirilərək artırıldığını
göstərir.


