Ekspert: Vensin Bakıya səfəri Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ açır – ŞƏRH

Baş səhifə

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri Azərbaycan–Amerika münasibətlərinin inkişafında mühüm siyasi və geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Bunu Topçubaşov Mərkəzinin regional təhlükəsizlik üzrə eksperti Məhəmməd Məmmədov APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan–Amerika münasibətlərinin inkişafının əsas göstəricilərindən biri ABŞ Prezidenti Donald Trampın Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə verdiyi açıq dəstəkdir: “Bunun ən bariz nümunəsi ötən il 8 avqust tarixində Vaşinqtonda Donald Trampın şahidliyi ilə imzalanmış Azərbaycan–Ermənistan razılaşmalarıdır”.

O qeyd edib ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri bu prosesə yeni dinamika qazandıra və ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxara bilər.

Ekspert deyib ki, 2008-ci ildən sonra vitse-prezident səviyyəsində ilk dəfə baş tutan bu səfər Vaşinqtonun Bakıya verdiyi strateji əhəmiyyətin açıq göstəricisidir və ABŞ-ın Cənubi Qafqazda Azərbaycana xüsusi yer ayırdığını nümayiş etdirir.

Onun fikrincə, ABŞ təkcə Qərb yarımkürəsində deyil, eyni zamanda, strateji əhəmiyyətli digər regionlarda da öz mövqelərini qorumağa və gücləndirməyə çalışır. Belə ki, TRIPP layihəsi Vaşinqtonun regionda aktiv mövcudluqda maraqlı olduğunu göstərir.

Ekspert ikinci mühüm məqam kimi 907-ci düzəlişi qeyd edib. O diqqətə çatdırıb ki, Vensin Bakıya səfəri bu istiqamətdə müsbət impuls yarada bilər: “Son dövrlərdə Azərbaycanın aktiv diplomatik fəaliyyəti nəticəsində 907-ci düzəliş çərçivəsində mövcud məhdudiyyətlərin aradan qaldırılması istiqamətində pozitiv proseslər müşahidə olunur. Trampın ABŞ-ın Azərbaycanla hərbi sahədə əməkdaşlığının dərinləşdirilməsinə işarə etməsi də bu baxımdan diqqət çəkir”.

Ekspert Trampın bu prosesdə şəxsi rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Trampın yanaşmasında iki əsas tendensiya ön plana çıxır: “Birincisi, sülh gündəliyidir. Tramp müxtəlif çıxışlarında beynəlxalq münaqişələrin həllində rolunu vurğulayır. Bu baxımdan Vensin səfəri çərçivəsində Azərbaycan–Ermənistan sülh danışıqları prosesində müəyyən sürətlənmələrin mümkünlüyü istisna edilmir.

İkinci tendensiya isə Trampın xarici diplomatik təşəbbüsləri iqtisadi dividendlərlə əlaqələndirməsidir”.

Məhəmməd Məmmədov qeyd edib ki, ABŞ-ın regionda fəallaşması Amerika şirkətləri üçün Cənubi Qafqaz, Qara dəniz və Mərkəzi Asiya bazarlarına çıxış imkanlarını genişləndirə bilər, bu da Tramp administrasiyası üçün həm iqtisadi, həm də siyasi qazanc deməkdir.

Ekspertin fikrincə, 8 avqust görüşündən sonra əsas suallardan biri ABŞ-ın Cənubi Qafqazla bağlı verdiyi vədlərin real addımlarla dəstəklənib-dəstəklənməyəcəyi idi: “Son altı ayda müşahidə olunan proseslər Tramp administrasiyasının bu məsələyə ciddi yanaşdığını göstərir və vitse-prezident Vensin səfəri də məhz bu kontekstdə qiymətləndirilməlidir”.

O əlavə edib ki, 8 avqust görüşü Azərbaycan xarici siyasəti üçün mühüm dönüş nöqtəsi olub: “Həmin görüşdən sonra Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində razılaşma əldə edilib, işçi qrupları yaradılıb və intensiv danışıqlar aparılır. Bu prosesin yaxın zamanda yekunlaşdırılması gözlənilir”.

Ekspert bildirib ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət xəttini davam etdirir: “Azərbaycanın Çinlə strateji əməkdaşlıq sazişi imzalaması, Avropa İttifaqı ilə bu istiqamətdə danışıqlar aparması və ABŞ-la oxşar sazişin gündəmdə olması ölkənin yeni dünya düzənində daha dayanıqlı və çevik mövqe formalaşdırmasına imkan yaradır”.