
Bakı. Trend:
Avropa Komissiyası “TikTok”un istifadəçilərdə asılılıq yarada
bilən dizayn xüsusiyyətlərinə görə xəbərdarlıq edib.
Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, komissiyanın ilkin
qiymətləndirməsində platformadakı “Infinite Scroll”, “Autoplay” və
fərdiləşdirilmiş tövsiyə alqoritminin istifadəçilərin özünü
idarəetmə qabiliyyətini zəiflədiyi və asılılıq riskini artırdığı
qeyd olunub.
Məlumata görə, bu xüsusiyyətlərin xüsusilə azyaşlılar və
asılılığa meyilli yetkinlər üçün zərərli olduğu vurğulanıb.
Komissiya “TikTok”da ekran vaxtı məhdudlaşdırılması və valideyn
nəzarəti funksiyalarının mövcud olduğunu qeyd etsə də, bu alətləri
kifayət qədər təsirli saymır. Buna görə də platformanın dizaynında
köklü dəyişikliklər tələb olunur: avtomatik ekran fasilələri tətbiq
edilməli və “Infinite Scroll” funksiyası aradan
qaldırılmalıdır.
“TikTok” tələbləri yerinə yetirməzsə, şirkət illik qlobal
gəlirinin 6 faizi qədər cərimə ilə üzləşə bilər.
“TikTok” isə iddialara cavab vermək üçün vaxt istəyib və
nəticələrə qarşı çıxacağını açıqlayıb.


