
Bakı. Trend:
Media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi
və məlumatların işıqlandırılması üsulu təəssüf doğurur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ombudsman Aparatından
məlumat verilib.
Bildirilir ki, son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və
digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq
pozuntusu törədilməsi halları ciddi narahatçılıq doğurur:
“Uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların
davranışlarına, o cümlədən onların rəqəmsal platformalardan
istifadə etmələrinə nəzarət edilməsi uşaqların və ümumilikdə
cəmiyyətin sağlamlığı və təhlükəsizliyinin qorunması baxımından
xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair
müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun
və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının
yaratdığı risklər barədə analitik təhlilə əsaslanan məlumatlar
verilmiş, aidiyyəti dövlət orqanları uşaqların rəqəmsal
təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar
üzərində nəzarət mexanizmlərini gücləndirməyə, risklərin hüquqi
qiymətləndirilməsinin aparılmasına və preventiv fəaliyyətin həyata
keçirilməsi sahəsində zəruri tədbirlər görməyə dəvət olunub.
Qeyd olunan problemlərin aradan qaldırılmasında valideynlərin də
rolu danılmazdır. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına
və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət
daşıyırlar. Baş verən hadisələr onu göstərir ki, valideynlər
tərəfindən uşaqlara daha diqqətlə yanaşılması, onlarla etibarlı
ünsiyyətin təmin edilməsi və uşaqların olduğu hər bir yerdə
təhlükəsizliyin gücləndirilməsi çox vacibdir.
Media subyektlərinin nümayəndələri tərəfindən uşaqlarla bağlı
məlumatların yayılmasında qanunvericiliyin tələblərinə əməl
edilməsi, uşaqların mənafelərinin üstün tutulması, məsələlərə uşaq
hüquqlarının müdafiəsi prizmasından yanaşılaraq ictimaiyyətin
düzgün məlumatlandırılması zəruridir.
Ombudsman tərəfindən mediada uşaq hüquqlarının pozulması halları
ilə bağlı media subyektlərinə və jurnalistlərə ünvanlanmış açıq
müraciətdə bu sahədə onların vəzifələri və məsuliyyəti əks
etdirilmiş, onlara peşə fəaliyyətlərini həyata keçirdikləri zaman
uşaqların mənafelərini üstün tutmaları və uşaqlarla bağlı
məlumatların yayılmasında həssas yanaşma nümayiş etdirmələri
tövsiyə olunub”.
“06 fevral 2026-cı il tarixində “İdrak” liseyində baş vermiş
insidentlə bağlı media nümayəndələri tərəfindən şagirdlərdən
müsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüf
doğurur. Bir daha media nümayəndələrinə “Media haqqında” Azərbaycan
Respublikasının Qanununun, “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının Qanununun, “Azərbaycan Jurnalistlərinin Etik
Davranış Qaydaları”nın və digər hüquqi aktların tələblərini
xatırladaraq, onları bu sahədə məsuliyyətli mövqe nümayiş etdirməyə
dəvət edirik.
Qeyd edək ki, belə hallarla bağlı Ombudsman tərəfindən aidiyyəti
qurumlara müraciət edilərək zəruri tədbirlərin görülməsi təmin
edilir.
Uşaqların hüquqlarının müdafiəsi, onların rəqəmsal mühitdə
təhlükəsizliyinin təmin olunması məqsədilə bir daha əlaqədar dövlət
orqanlarını qeyd olunan sahədə nəzarəti daha da gücləndirməyə,
valideynləri daha məsuliyyətli davranmağa, media subyektlərini
uşaqlarla bağlı məlumatlar hazırlanarkən qanunvericiliyin
tələblərinə əməl edərək uşaqların mənafelərin üstün tutmağa dəvət
edirik”, – qurumdan əlavə olunub.


