
Bakı. Trend:
“ƏDV geri al” layihəsi çərçivəsində 19,7 milyon manata yaxın
vəsait istehlakçılara qaytarılıb.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.
Bildirilib ki, 2026-cı ilin yanvar ayı ərzində ölkə ərazisində
pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən
alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu
içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları,
film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti
sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə
məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə,
işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab
edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma
xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən
istehlakçılara qaytarılmış həcmi 19 milyon 680,2 min manat
olub.
Qeyd edilib ki, 2026-cı ilin yanvar ayında xarici vətəndaşlar
tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış
mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”)
məbləği 718,2 min manat təşkil edib.


