
Bakı. Trend:
Dövlət başçısı İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan
Qardaşlığı Mükafatı”na layiq görüldü. Mükafatın Qafqazda onilliklər
ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan –
“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün
və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in
paraflanmasına görə verilməsi Azərbaycanın sülh gündəliyinin dünya
tərəfindən qəbul edilməsinin təsdiqidir. 2026-cı ilin mükafatçıları
dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və
mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti
tərəfindən seçilib. Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı”
Komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini
seçdi. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin
təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və
məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün
irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab
olunur.
Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh,
həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə
və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. Bu mükafatlar
yalnız müstəsna xidmətləri olan şəxsiyyətlərə verilir. Prezident
İlham Əliyevin bu mükafata layiq görülməsi dövlətimizin qlobal
miqyasda sülh quruculuğu prosesindəki artan roluna beynəlxalq
səviyyədə verilən yüksək qiymətin göstəricisidir. Dövlət başçısı
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri
çərçivəsində Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı
Mükafatı”nın təqdimolunma mərasimi keçirildi. Prezident İlham
Əliyev mərasimdəki çıxışında “Birləşmiş Ərəb Əmirliklərinin banisi,
mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim
üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun
uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu
ölkələrindən birinə çevirmişdir” söyləyərək onu da əlavə etdi ki,
əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı
müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb
Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə
də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin
necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün
nümunədir. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha
Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan
bütün həmkarlarına minnətdarlığını bildirən dövlətimizin başçısı
vurğuladı ki, bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region
üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə
müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh
şəraitində yaşayırıq.
Bu fikirləri Trend-ə Milli
Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyev
çıxışında bir daha dünya ictimaiyyətinə çağırışı etdi. Bildirdi ki,
bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində
olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim
nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və
qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki
tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost
ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda,
sülh mümkündür. Bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə
Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul
ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada
baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün
bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq
daha sonra Vaşinqtonda rəsmiləşdirildi.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə
nüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın təqdimatı olan
hər bir mühüm addım dünənimizə və bugünümüzə baxış keçirməyi bir
zərurət kimi qarşıya qoyur: “Tarixi Zəfərimizdən, suverenliyimizin
tam bərpasından sonra bu kimi mühüm addımlar, qərarlar davamlılığı
ilə diqqətdədir. Otuz il işğal altında qalan torpaqlarını 44 gündə
işğalçılardan təmizləməsi, BMT Təhlükəsizlik Şurasının
qətnamələrini təkbaşına icra etməsi Azərbaycanın malik olduğu
imkanların, ən əsası ədalətə və beynəlxalq hüquqa söykənən
məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycan hər zaman dünyaya
sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edib və bunu sözdə
deyil, əməldə təsdiqləyir. Yerləşdiyi coğrafi məkana görə ölkələri,
xalqları bir araya gətirən Azərbaycan, eyni zamanda, beynəlxalq
arenada qlobal problemlərin həllinə böyük töhfələr verən ölkə kimi
tanınır”.
Milli Məclisin deputatı bildirib ki, tarixi Zəfərimizdən dərhal
sonra ölkəmiz regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin
edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün
qarşı tərəfə sülh təklifini etdi: “Lakin Ermənistan müxtəlif
bəhanələrlə sülh müqaviləsinin imzalanmasından yayındı, prosesin
uzanması üçün cəhdlər göstərdi. Məlumdur ki, 2023-cü il sentyabrın
19-da Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən
çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə
bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi
qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın
konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal
xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində
rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail
oldu, bütün ərazilərimizdə suverenliyimiz tam bərpa edildi. Tarixi
Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin
humanist siyasətinin tərkib hissəsidir”.
Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət döyüş meydanında
qazanılan qələbənin uzaqgörən diplomatik səylərlə
möhkəmləndirilməsinin vacibliyini bir daha sübut etdi: “Dövlətimiz
tarixi qələbə qazanmaq, ərazi bütövlüyünü və suverenliyini tam
bərpa etməklə yanaşı, həm də regionda yeni geosiyasi reallıq
yaradaraq uzunmüddətli sülhün təməlini qoydu. Azərbaycan son beş
ildə tarixi Zəfərimizin reallıqlarının beynəlxalq səviyyədə
təqdimatı və qəbul etdirilməsi istiqamətində səylər göstərdi və
buna nail oldu. Ötən ilin 8 avqust tarixində dövlət başçısı İlham
Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar
səfəri bütün məqamlara işıq saldı. Prezident İlham Əliyevin
Vaşinqtona səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin inkişafı
baxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisində
Azərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi
növbəti uğur kimi dəyərləndirildi. Bu səfər Azərbaycanın regional
və qlobal siyasətdə prinsipial, müstəqil mövqeyini təsdiqləməklə
yanaşı, illərdir ölkəmizə qarşı yönəlmiş siyasi təzyiqlərə,
informasiya manipulyasiyalarına verilmiş qəti və mükəmməl
diplomatik cavab oldu. Vaşinqtonda əldə edilən diplomatik qələbə
göstərdi ki, Azərbaycanın hərbi sahədəki qətiyyəti artıq beynəlxalq
hüquqi sənədlərdə öz əksini tapan reallığa çevrilib”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın ədalətə və beynəlxalq
hüquqa söykənən müstəqil siyasəti qarşıya qoyduğu hədəflərə
ardıcıllıqla nail olmasını şərtləndirir: “Bölgədə dayanıqlı sülhün
təmin edilməsi dünyanın müxtəlif dövlətləri ilə iqtisadi əlaqələrin
qurulmasına, yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş
imkanlar açacaq. Regionumuzda artıq geriyə dönməz xarakter alan
sülh gündəliyinin müəllifi Prezident İlham Əliyevdir. Bu gün
dövlətlər arasında münasibətlərin inkişafında qarşılıqlı etimad
mühitinin qorunması və möhkəmləndirilməsi əsas çağırışlardandır.
Tarixi Zəfərimizdən sonrakı dövrün reallığı budur ki, sülh
quruculuğu, regional əməkdaşlıq və kommunikasiya xətlərinin
açılması ölkəmizin xarici siyasətinin əsas prioritetlərdən birinə
çevrilib. Azərbaycanın coğrafi mövqeyi, tranzit imkanları, enerji
resursları dünyanın müxtəlif dövlətləri ilə yeni əməkdaşlıq
əlaqələri qurulmasını şərtləndirir. Zəngəzur dəhlizinin açılması
Azərbaycana iqtisadi və siyasi dividend qazandıracaq. Azərbaycan
yalnız sülh gündəliyini təqdim etmir, buna nail olmaq üçün
sistemli, qətiyyətli və konkret addımlar atır.
Bu fikirlər “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına
təbrik videomüraciətlərində də öz əksini tapdı. Qardaş Türkiyənin
Prezidenti Rəcəb Tayyib Ərdoğan davamlı sülhün bərqərar olması
yolunda dövlətimizin başçısı İlham Əliyevin atdığı cəsur addımları,
Ermənistanın baş naziri Nikol Paşinyanın ortaya qoyduğu qətiyyətli
iradəni son dərəcə əhəmiyyətli hesab etdiyini xüsusi vurğulayaraq
bu inamı ifadə etdi ki, məqsədi, əhatə dairəsi, məzmunu və ruhu
üzərində iki tərəfin də razılıq əldə etdiyi razılaşmanın qüvvəyə
minməsi ilə Qafqazın gələcəyində yeni bir səhifə açılacaq. Türkiyə
olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə
yönələn bütün təşəbbüsləri səmimiyyətlə dəstəkləyirik. Qafqazda
davamlı sülhün bərqərar olması üçün üzərimizə nə düşürsə etməyə,
ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəal şəkildə
çalışmağa, inşallah, davam edəcəyik.
Videomüraciətlərdə sülh sazişi istiqamətində Azərbaycanın və
Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş
nöqtəsi kimi dəyərləndirildi. O da qeyd edildi ki, bu, hətta
uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik
vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir. Prezident İlham
Əliyevə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”nın verilməsi
münasibətilə ən səmimi təbriklərini çatdırmaqdan məmnunluğunu ifadə
edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirdi ki,
parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident
Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman
görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri
kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə
yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə
vermişdir. Həmin olduqca mühüm razılaşma təxminən dörd onillik
sürən münaqişəyə son qoydu və beləliklə, Zayed Mükafatının dərindən
təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq
insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir. Azərbaycanın
sülh siyasətinə dəstəyi ifadə edən bu fikirlər digər ölkələrin
liderlərinin də təbrik videomüraciətlərində xüsusi vurğulandı”.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın xarici siyasətinin
dəyişməz prinsipləri aydındır: “Azərbaycan daim böyüklüyündən,
kiçikliyindən asılı olmayaraq bütün ölkələrlə bərabərhüquqlu,
qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında münasibətlər
qurur. Azərbaycan regional inkişafın aparıcı qüvvəsidir. Prezident
İlham Əliyevin yürütdüyü siyasət bütün region dövlətlərinin inkişaf
perspektivlərini özündə ehtiva edir. Bu isə regional sülh və
əməkdaşlıq perspektivlərinin reallığa çevrilməsi üçün ən təkmil
modeldir. Dövlət başçısı İlham Əliyevin 2026-cı il üçün “Zayed
İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın xarici
siyasətinin əsas prioritetlərinin təqdimatında mühüm rol oynayır.
Prezident İlham Əliyevin layiq görüldüyü bu mükafat Azərbaycanın
sülh quruculuğu prosesinin dünya üçün nümunəvi model olduğunun
təsdiqidir”.


