İranda dəyişiklik Türkiyə üçün fürsətlər qapısıdır – PROQNOZ

Baş səhifə

İrandakı vəziyyət Ankara üçün getdikcə daha böyük narahatlıq doğurur. İran rejiminin əhəmiyyətli dərəcədə zəifləməsi və ya süqutu uzunmüddətli perspektivdə Türkiyə üçün həm potensial təhdidlər, həm də imkanlar yaradır.

Ankaranın narahatlıqları əsaslıdır. ABŞ və İsrail İrana qarşı tammiqyaslı müharibə başlatsa, Türkiyə qaçqın axını ilə üzləşəcək. Əhalisi 20 milyondan çox olan Suriyadan Türkiyəyə təxminən 4 milyon qaçqın gəlsə də, 90 milyondan çox əhalisi olan İran xeyli böyük bir axın yarada bilər. Türkiyə İran hökumətinin süqutu halında bufer zonası yaratmaq imkanlarını araşdırır: Ankara artıq İranla 560 kilometrlik sərhədi boyunca təhlükəsizliyi gücləndirib, texnoloji cəhətdən inkişaf etmiş fiziki maneələr qurub.

Digər yandan, hazırda 10 milyard dollardan çox olan İranla ticarətin dayandırılması və ya əhəmiyyətli azaldılması kövrək Türkiyə iqtisadiyyatına mənfi təsir göstərə bilər. Lakin rejimin süqutu və İrana qarşı sanksiyaların ləğvi Türkiyə üçün əhəmiyyətli iqtisadi imkanlar da açacaq. Bu, uzunmüddətli müqavilələr çərçivəsində daha böyük həcmdə enerji resurslarının alınmasını əhatə edə bilər ki, Ankara bununla da Rusiya və ABŞ da daxil olmaqla digər təchizatçılardan asılılığı azaldacaq. Bu, həmçinin sənaye və istehlak mallarının ixracının artması, ticarətin genişləndirilməsi və xüsusilə enerji və nəqliyyat logistikasında, o cümlədən yeni regional marşrutlarda birgə investisiyaların və layihələrin inkişafı üçün perspektivlər açacaq.

Ankara, Suriyadakı keçmiş hadisələrə bənzər şəkildə, İran ərazisində Kürdüstan dövlətinin yaradılması cəhdlərinə xüsusilə narahatdır. Lakin, separatçılıqla mübarizə çərçivəsində Türkiyə Suriyada etdiyi kimi, Şimali İran yici addımlara əl ata bilər.

İslam Respublikasının süqutu İsrailin Yaxın Şərqdə, Qafqazda və Orta Asiyada mövqeyinin və Amerikanın nəzarətinin güclənməsinə səbəb ola bilər. Lakin Ankara İsraillə fikir ayrılıqlarını həll etməklə (o cümlədən Azərbaycanın vasitəçiliyi ilə) və Vaşinqton və Londonla daha da yaxınlaşmaqla bu riskləri azalda bilər. Türkiyənin NATO üzvü olaraq öz hərəkətlərini Qərb tərəfdaşları ilə sıx əlaqələndirdiyini nəzərə alsaq, belə bir ssenari əlçatmaz görünmür.

İranda rejim dəyişikliyinin əsas məqamı isə 30 milyon əhalisi olan dost Cənubi Azərbaycan dövlətinin yaradılması olardı. Bu, Türkiyə-Azərbaycan, eləcə də bütöv türk dünyasına regionda əlavə təsir imkanı verəcək, ölkənin bölgədəki mövqeyini gücləndirəcək və yeni strateji müttəfiq yaradacaq. İran böhranı 21-ci əsrin ən böyük sınağına çevrilə bilər, lakin düzgün strategiya ilə tarixi fürsət pəncərəsi açılacaq. Buraya Türkiyənin bölgədəki mövqeyinin gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, yeni müttəfiqlər formalaşdırılması və ölkənin şərq sərhədlərinə təsirinin əhəmiyyətli dərəcədə artırılması daxildir.

Diqqətəlayiq haldır ki, İran özü Ankaraya qarşı gərginliyi artırmağa başlayır. Türkiyə kəşfiyyat orqanları (MİT) polislə birlikdə şübhəli İran casus şəbəkəsinin aşkarlandığını bildirməsi və hərbi qurğular haqqında məxfi məlumat toplamaq və hücumlar planlaşdırmaq ittihamı ilə 6 nəfəri saxlaması bu neqativin bir formasıdır.

Hadisələr qeyd olunduğu kimi inkişaf edərsə, Türkiyənin daha çox gücləndiyini görəcəyik və artıq Rusiya faktoru da Qafqazda və Orta Şərqdə əvvəlki gücünü itirəcək.