“SOCAR Upstream” 2026-cı il üçün qazma ilə bağlı planlarını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Bu il 80 quyunun qazılması və quyularda 500-dən artıq
əməliyyatın aparılması planlaşdırılır.

Trend xəbər verir
ki, bunu Azərbaycan Dövlət Neft Şirkərkətinin (SOCAR) Hasilat
əməliyyatları üzrə idarəsinin (Upstream) qazma işlər üzrə meneceri
Fərid Ümüdlü Bakıda keçirilən “IADC Drilling Caspian 2026” konfrans
və sərgisində bildirib.

“ÜDM-imizin təxminən üçdə biri neft sənayesinin payına düşür. Bu
sistemin mərkəzində isə “SOCAR Upstream” dayanır və burada təxminən
12 min nəfər çalışır”, – deyə o bildirib.

F. Ümüdlü xatırladıb ki, əvvəllər SOCAR daxilində bu fəaliyyəti
təmin edən üç ayrı qurum mövcud idi.




“Birincisi, hökumətlə qarşılıqlı əlaqələrə cavabdeh olan və
bəzən əməliyyatları dəstəkləyən SOCAR-ın baş ofisi idi. İkincisi,
Azərbaycanın daxilindəki aktivlərin əsas operatoru olan ‘Azneft’
istehsalat birliyi. Üçüncüsü isə əsasən beynəlxalq təcrübədən
istifadə etməklə ekspert və texniki dəstək göstərən “SOCAR
Upstream” idi. Keçən il biz anladıq ki, üç ayrı qurumun paralel
fəaliyyəti səmərəli deyil. Buna görə də onların “SOCAR Upstream”
vahid brendi altında birləşdirilməsi ilə bağlı strateji qərar qəbul
olundu. Nəticədə bütün aktivləri konsolidasiya etdik və vahid
təşkilata çevrildik. Bu isə daha güclü struktur deməkdir: vahid
qərar qəbuletmə xətti, vahid komanda, vahid baxış. Bu,
fəaliyyətimizin səmərəliliyinin və daxili uzlaşmanın artırılması
baxımından son dərəcə vacibdir”, – deyə o qeyd edib.

F. Ümüdlü əlavə edib ki, daxili transformasiya başa çatdıqdan
sonra xarici dəyişikliklər mərhələsinə keçilib.

“Biz tərəfdaşlıq modelinin tətbiqinə başlamışıq. Əvvəllər
SOCAR-ın servis şirkətləri ilə birbaşa müqavilələri yox idi, çünki
onlar əsasən podratçı kimi fəaliyyət göstərirdilər. Bu ildən
etibarən SOCAR Upstream vasitəsilə müxtəlif servis şirkətləri ilə
birbaşa əməkdaşlıq qurmağa başlamışıq. Hazırda həm servis
şirkətləri, həm də əsas podratçılarımızla bu cür qarşılıqlı
əlaqələrin formalaşdırılması prosesindəyik”, – deyə o əlavə
edib.