
Bakı. Trend:
UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti
Mehriban Məhərrəmova Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi (AQTA) yanında fəaliyyət göstərən İctimai Şuranın sədri
vəzifəsinə seçilib.
Bu barədə Trend-ə UNEC-dən məlumat verilib.
Bildirilir ki, UNEC-in rəsmi nümayəndəsi kimi bu məsuliyyətli
missiyanı öz üzərinə götürən Mehriban Məhərrəmova şuranın sədri
qismində Agentliyin fəaliyyətində şəffaflığın artırılması və qida
təhlükəsizliyi sahəsində effektiv ictimai nəzarətin gücləndirilməsi
istiqamətində işlər aparacaq. O, dövlət siyasətinin
formalaşdırılması və mühüm qərarların qəbulu zamanı ictimai rəyin
birbaşa nəzərə alınmasına, habelə dövlət orqanı ilə ictimaiyyət
arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin yeni müstəviyə
qaldırılmasına rəhbərlik edəcəkdir.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq fəaliyyət göstərən İctimai Şuraya sədrliyin
Mehriban Məhərrəmovaya etibar edilməsi onun zəngin akademik və
peşəkar təcrübəsindən qaynaqlanır. M.Məhərrəmova UNEC-in “Qida
məhsulları texnologiyası” kafedrasının müdiri vəzifəsində çalışıb.
Hazırda isə “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti və
“Qida mühəndisliyi” ixtisasının rəhbəridir. O, həmçinin AQTİ-nin
Elm Komitəsinin üzvüdür.
Qida sahəsi üzrə elmi fəaliyyəti ilə seçilən dosent 60-dan artıq
elmi məqalənin, 6 tədris vəsaitinin və 9 tədris proqramının
müəllifidir. Onun “Mikrobiologiya, sanitariya və gigiyena”
dərsliyi, habelə “Qida fiziologiyası” üzrə metodik vəsaitləri
ölkəmizdə bu sahədə peşəkar kadr hazırlığı üçün fundamental elmi
mənbələr hesab olunur.


