Ali Məclisin növbədənkənar sessiyasının çağırılması qaydası dəyişir

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar
sessiyalarının çağırılması qaydaları dəyişir.

Trend xəbər
verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında
dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz
əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in Ali Məclisi hər il
iki növbəti sessiyaya yığılır. Naxçıvan MR Ali Məclisinin 31
deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Naxçıvan MR Ali
Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec
olmayaraq çağırılır.

Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyaları Azərbaycan
Respublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi
tərəfindən, Naxçıvan MR Ali Məclisinin 16 deputatının tələbi
əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisinin sədri
tərəfindən çağırılır.

Naxçıvan MR Ali Məclisinin 31 deputatının tələbi ilə və ya
Naxçıvan MR Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan MR Ali
Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.




Təklif edilən dəyişikliyə görə, Naxçıvan MR-in Ali Məclisi hər
il iki növbəti yaz və payız sessiyalarına yığılacaq. Naxçıvan MR
Ali Məclisinə seçkilərdən sonra martın 10-dək onun 31 deputatının
sәlahiyyәtlәri təsdiq edilməzsə, Naxçıvan MR Ali Məclisinin ilk
iclasının keçirilmə vaxtını Naxçıvan MR-in Ali Məhkəməsi müəyyən
edəcək.

Həmçinin Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyalarını
Naxçıvan MR Ali Məclisinin sədri Azərbaycan Respublikası
Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və ya
Naxçıvan MR Ali Məclisinin 16 deputatının tələbi əsasında
çağıracaq.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin və ya
Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan MR
Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə biləcək.

Qanun layihəsi müzakirəyə çıxarılaraq ikinci
səsvermədə
qəbul edilib. İlk səsvermə 2025-ci il
iyulun 8-də
keçirilib.