
Bakı. Trend:
NATO-nun beş ölkəsinin Hərbi Dəniz Qüvvələri bazar ertəsi
Norveçin qərb sahillərində 11 gün davam edəcək “Arctic Dolphin 26”
adlı sualtı qayıqlara qarşı mübarizə təlimlərinə başlayır.
Trend xəbər verir
ki, bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb.
Manevrlər çərçivəsində Arktika şəraitində sualtı qayıqların
axtarışı və məhv edilməsi üzrə əməliyyatlar məşq ediləcək.
Təlimlərdə alyansa üzv ölkələrin sualtı qayıqları, hərbi
gəmiləri, helikopterləri və sualtı qayıqlara qarşı təyyarələri,
həmçinin NATO-nun Birinci Daimi Dəniz Qrupuna daxil olan gəmilər
iştirak edir.
Xüsusilə manevrlərə Norveçin bir freqatı və sualtı qayığı, Böyük
Britaniya və Niderlandın sualtı qayıqları, Almaniyanın bir sualtı
qayığı və iki köməkçi gəmisi cəlb olunub. Aviasiya komponenti isə
Danimarka helikopterləri və Britaniyanın “P8” patrul təyyarəsi ilə
təmsil olunur.
Norveç Kral Hərbi Dəniz Qüvvələrinin komandanı Kirre Haugen
bildirib ki, “Arctic Dolphin” təlimləri həm Norveç HDQ, həm də NATO
üçün mühüm əhəmiyyət daşıyır və alyansın Şimal bölgəsində
mövcudluğa sadiqliyini nümayiş etdirir, eyni zamanda müttəfiqlər
arasında birgə fəaliyyət imkanlarını gücləndirir.


