Bakı. Trend:
Kamboca hakimiyyəti ölkənin cənubundakı Bavet şəhərində iri
fırıldaqçı çağrı mərkəzinə keçirilən reyd nəticəsində 2 044
əcnəbini saxlayıb.
Trend xəbər verir
ki, bu barədə yerli “Khmer Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, əməliyyat nəticəsində 22 bina və
tikilidən ibarət “Van Cheung” kazino kompleksində fəaliyyət
göstərən fırıldaqçı zəng mərkəzi dayandırılıb və mərkəzin 2 044
əcnəbi işçisi saxlanılıb.
Əməliyyata 700-dən çox polis əməkdaşı cəlb olunub. Saxlanılanlar
arasında səkkiz müxtəlif Asiya ölkəsinin vətəndaşları var, lakin
çoxluq Çin vətəndaşlarından (1 792 nəfər) ibarətdir.

