
Bakı. Trend:
Azərbaycan gəncliyi ölkənin bu günü və sabahı, dövlətin davamlı
inkişafının əsas dayağıdır. Məhz bu baxımdan hər il 2 fevral
tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd olunması yalnız təqvim
hadisəsi deyil, gəncliyə verilən yüksək dəyərin, etimadın və
strateji baxışın təzahürüdür. Bu əlamətdar gün gənclərin cəmiyyətin
bütün sahələrində artan rolunu, onların intellektual, sosial və
vətənpərvər potensialını ön plana çıxarır.
2 Fevral Gənclər Günü müstəqil Azərbaycan tarixində mühüm bir
mərhələ ilə bağlıdır. 1996-cı il fevralın 2-də Ümummilli Lider
Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Azərbaycan Gənclərinin I
Forumu gənclər siyasətinin sistemli şəkildə formalaşmasının əsasını
qoymuşdur. Məhz bu forumdan sonra gənclərlə bağlı dövlət siyasəti
ardıcıl və məqsədyönlü xarakter almış, 1997-ci ildən etibarən 2
fevral rəsmi olaraq Azərbaycan Gəncləri Günü elan edilmişdir.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin
prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən islahatlar gənclərin təhsilə,
məşğulluğa, sahibkarlığa, innovasiyalara və ictimai-siyasi həyata
aktiv cəlb olunmasını təmin edir. Gənclər üçün yaradılan təqaüd
proqramları, beynəlxalq təhsil imkanları, startap və könüllülük
layihələri onların dünyagörüşünün genişlənməsinə və
rəqabətqabiliyyətli kadr kimi formalaşmasına xidmət edir.
Azərbaycan gəncliyi xüsusilə son illərdə tarixi sınaqlardan
üzüağ çıxaraq öz vətənpərvərliyini, milli ruhunu və dövlətə
sədaqətini nümayiş etdirmişdir. Vətən müharibəsi dövründə gənclər
həm döyüş meydanında, həm də informasiya cəbhəsində böyük
fədakarlıq göstərmiş, ölkənin ərazi bütövlüyünün bərpasında mühüm
rol oynamışlar. Bu, gəncliyin yalnız gələcəyin deyil, həm də bu
günün aparıcı qüvvəsi olduğunu bir daha sübut etdi.
Müasir dövrdə qloballaşma, texnoloji yeniliklər və sürətlə
dəyişən dünya reallıqları gənclər qarşısında yeni vəzifələr qoyur.
Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə sadiq qalmaqla yanaşı,
çağdaş biliklərə yiyələnməli, elmi-texniki tərəqqinin fəal
iştirakçısına çevrilməlidir. Dövlətin yaratdığı imkanlardan
səmərəli istifadə edən gənclər ölkənin beynəlxalq nüfuzunun
artmasına da mühüm töhfə verirlər.
2 Fevral – Gənclər Günü gənclərin cəmiyyət qarşısında
məsuliyyətini xatırladan, onların potensialına inamı gücləndirən və
gələcəyə nikbin baxışı təşviq edən əlamətdar gündür. Bu gün bir
daha təsdiq edir ki, güclü dövlətin təməlində savadlı, fəal,
vətənpərvər və təşəbbüskar gənclik dayanır. Azərbaycan gəncliyi isə
bu yüksək etimadı doğrultmağa, ölkənin inkişaf yolunda inamla
irəliləməyə qadirdir.
Milli Məclisin deputatı,
Əminə Ağazadə


