
Yeni qaydalara uyğun olaraq məzuniyyətə gedərkən işçiyə veriləcək əməkhaqqının hesablanma qaydasına aydınlıq gətirilib.
Moder.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov ARAZ FM-ə müsahibəsində Əmək Məcəlləsinin 111-ci maddəsinə edilən dəyişikliyi şərh edib.
Onun sözlərinə görə, dəyişiklik ondan ibarətdir ki, əmək məzuniyyətində olarkən işçinin iş yeri vəzifəsi və sonuncu əməkhaqqıdan az olmamaqla orta əməkhaqqının saxlanılmasını nəzərdə tutur.
“Burada əsas məsələ “sonuncu əməkhaqqı”ya aydınlıq gətirilməsi ilə bağlıdır. Sonuncu əməkhaqqı dedikdə şəxsin tariflər çıxılmaqla əldə etdiyi maaşdan yox, əmək müqaviləsində müəyyən edilmiş məbləğdən (tarif maaşı, əlavələr və mükafatlar daxil olmaqla-red.) söhbət gedir.
Misal üçün, əgər işçinin rəsmi maaşı 1000 manatdırsa və fevralın 1-dən məzuniyyətə çıxmağı planlaşdırırsa, bu zaman məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanır. Ödəniləcək vəsait 1000 manatdan az olduğu təqdirdə işəgötürən ona ən azı 1000 manat ödəməyə borcludur”, – deyə o əlavə edib.

