
Bakı. Trend:
2026-cı ilin 17–22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya
Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində
təşkil olunacaq tərəfdaş tədbirlərinə yüksək maraq olduğunu nəzərə
alaraq, qeydiyyat müddəti uzadıldı. Müraciətlərin qəbulu üçün son
tarix 3 fevral 2026-cı il olaraq müəyyən
edilib.
Trend xəbər verir ki,
Şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq platforması
olan WUF13 qurum və təşkilatlara Forumun “Hər kəs üçün yaşayış
yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”
mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır. Müraciətlər
https://events.unhabitat.org/
vasitəsilə təqdim edilməlidir.
Tədbirlərin təşkili üçün müraciətlər yeddi kateqoriya üzrə qəbul
olunur: Şəbəkələşmə (Networking), Vahid BMT (One UN), Dayanıqlı
İnkişaf Məqsədlərinin tətbiqi (SDGs in Action), Şəhər kinoteatrı
(Urban Cinema), Şəhər Kitabxanası (Urban Library), Şəhərlərin Səsi
(Voices from Cities) və WUF Akademiyası (WUF Academy).
Müraciət edən qurum və təşkilatlar ilkin mərhələdə
“UN-Habitat”ın Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) platforması
üzərindən onlayn qaydada qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat prosesi tamamlandıqdan sonra istifadəçilər şəxsi
paneldə yerləşən “Applications / Müraciətlər”
bölməsinə daxil olaraq müvafiq kateqoriyalar üzrə tələblərlə tanış
ola və müraciətlərini yekunlaşdıra bilərlər. Qeyd edək ki, hər bir
kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər.
Forumun əsas və strateji mexanizmlərindən biri olan Tərəfdaş
tədbirləri dayanıqlı şəhər inkişafı sahəsində qabaqcıl
təcrübələrin, innovativ yanaşmaların və praktik həll yollarının
beynəlxalq səviyyədə təqdim olunmasına şərait yaradır. Bu tədbirlər
vasitəsilə iştirakçılar şəhərsalma sahəsində bilik və təcrübə
mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal
şəhər gündəliyinə töhfə vermək imkanı əldə edirlər.
Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə məlumat almaq
üçün [email protected]
elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.


