
Yanvarın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
APA xəbər verir ki, Baş Prokurorluğun Kollegiya üzvləri tərəfindən ilk öncə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi böyük ehtiramla anılıb.
Həmçinin, iştirakçılar tərəfindən Kollegiya iclasının başlanğıcında Ümummilli lider Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin, vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev 2025-ci ilin dövlətimiz və xalqımız üçün bir neçə mənada rəmzi əhəmiyyət kəsb etməsi ilə yanaşı, eyni zamanda mühüm tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik hadisələrlə zəngin bir il olduğunu qeyd edib.
Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə təsadüf edən 2025-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan edilməsi, ali qanunumuz olan, müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulunun 30, habelə ərazi bütövlüyü və suverenliyimizin bərpası uğurunda aparılmış şanlı mübarizədə əldə etdiyimiz tarixi Zəfərin 5 illiyinin məhz həmin ilə təsadüf etməsi onu bizlər üçün rəmziləşdirib və tarixi anlamına dəyər qatıb.
Vurğulanıb ki, dövlətimizə və xalqımıza tarixi Zəfər sevinci yaşatmaqla, ərazi bütövlüyümüzü və suverenliyimizi uzun illər sonra bərpa etmiş Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində mürəkkəb beynəlxalq şəraitə baxmayaraq 2025-ci ildə də ölkəmiz beynəlxalq siyasi arenada mühüm nailiyyətlər əldə etmiş, iqtisadi əməkdaşlığın inkişafı istiqamətində mühüm nəticələrə nail olunub.
Belə ki, bir çox xarici dövlətlərin rəhbər şəxslərinin iştirakı ilə 8 noyabr 2025-ci il tarixində Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş Hərbi parad keçirilməsi əldə etdiyimiz tarixi qələbənin əbədiləşdirilməsi ilə yanaşı, dövlət suverenliyimizin əsas təminatçısı olan peşəkar şəxsi heyətdən və müasir dövrün tələbinə cavab verən silah və texnika ilə təchiz edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi potensialının inkişaf səviyyəsinə və qüdrətinə bariz göstərici olub.
Bundan əlavə 2025-ci ilin avqust ayının 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması və bunun nəticəsi olaraq hər iki dövlət arasında vaxtı ilə aşılmaz bir mane olaraq görülən iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrin qurulması istiqamətində ilkin addımların atılması ölkə rəhbərinin başçılığı altında həyata keçirilən xarici siyasətin qüdrətinin növbəti təzahürü, dövlətimizin beynəlxalq siyasi müstəvidə və diplomatiya sahəsində əldə etdiyi uğurlarının kuliminasiya nöqtəsi olub.
Qeyd olunub ki, bu nailiyyət ölkəmizin və xalqımızın gələcək təhlükəsizliyinə hesablanmaqla uzun illər ikili siyasət zəminində müzakirə predmeti olmuş milli maraqlarımızın beynəlxalq hüquqi müstəvidə rəsmiləşdirilməsini təmin etməklə yanaşı, həmçinin regional iqtisadi münasibətlərin inkişafına əhəmiyyətli təkan verəcəkdir.
1992-ci ildən ABŞ hökumətinin Azərbaycana birbaşa dövlət yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na daxil edilmiş 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı Prezident cənab İlham Əliyevin iştirakı ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən sənəd imzalanması dövlətimizə qarşı sərgilənmiş ədalətsizlik üzərində əldə edilmiş növbəti tarixi qələbə kimi dəyərləndirilmişdir.
Eyni zamanda təsis edildiyi vaxtdan münaqişənin həllinə töhfə vermək əvəzinə prosesin uzadılmasına xidmət edən ATƏT-in Minsk qrupunun ləğvinə nail olunması cənab Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur.
19 dekabr 2024-cü il tarixində Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilmiş D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında Azərbaycan Respublikasının yekdilliklə bu nüfuzlu beynəlxalq təşkilata üzv qəbul edilməsi, 7 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin üzvlüyün ratifikasiya edilməsi ilə ölkəmiz D-8 İqtisadi Əməkdaşlıq Təşkilatında tamhüquqlu üzv statusu qazanmaqla dünya iqtisadiyyatına inteqrasiya üçün böyük imkanlar əldə edib.
Baş prokuror çıxışında 2025-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görülmüş işlərə toxunaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə hər il olduğu kimi 2025-ci ildə də həmin ərazilərin bərpası və inkişafı istiqamətində mühüm işlər görüldüyünü, həmin torpaqların əzəli sahiblərinin mərhələli şəkildə azad edilmiş ərazilərə qayıtmalarını diqqətə çatdırıb.
Təəssüf hissi ilə qeyd edilmişdir ki, 2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olmuş, onlardan 71 nəfəri həlak olmuş, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Bildirilib ki, cari ildə ölkə ərazisində 31852 cinayət qeydə alınmaqla onların 90,5 %-nin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 15766 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 1063-ü prokurorluq orqanlarında istintaq edilib.
Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 700, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 11934 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilmiş materiallar üzrə ümumilikdə 435 milyon 191 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 59,5 %-nin, yəni 259 milyon 95 min manat hissəsinin ödənilməsinə nail olunub.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 94 milyon 817 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 32 milyon 635 min manat hissəsinin ödənilməsinə nail olunmuş, 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.
Bundan başqa, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 5 milyon 172 min manat pul vəsaiti ödənilməklə, həmin məbləğin 4 milyon 855 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olub.
Məlumat verilib ki, 2023-cü ildən prokurorluq orqanlarında tətbiq edilən “Elektron prokurorluq” informasiya sistemi ötən müddət ərzində daha da inkişaf etdirilmiş, prokurorluğun bütün qurumları üzrə istifadəsinə şərait yaradılmaqla digər informasiya sistemlərinə inteqrasiyası təmin olunmuş, xidməti fəaliyyətin icrası məqsədilə 47 modul yaradılmaqla istifadəyə verilib.
“Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsi (EACN) tərəfindən təqdim olunan “Ən yaxşı antikorrupsiya təşəbbüsü” layihəsi üzrə Elektron Prokurorluq” informasiya sisteminin fəaliyyəti yüksək innovasiya kimi qiymətləndirilərək beynəlxalq sertifikata layiq görülüb.
Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 83 şəxs barəsində 61 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilmiş, bunlardan 6 şəxs barəsində 5 iş qəsdən adam öldürmə faktları ilə bağlı olubdur.
Kollegiya iclasında daxili işlər orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə həmin işlər üzrə ibtidai istintaqın davam etdirildiyi xüsusi vurğulanıb.
Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1389 apellyasiya və 406 kassasiya protestləri verilmiş, 766 apellyasiya protesti və 74 kassasiya protestləri təmin olunmaqla nəticədə yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin olunub.
Cari il ərzində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 953 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin növbəti təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərarın icrası istiqamətində görülən işlər barədə danışarkən Baş prokuror Kamran Əliyev bildirib ki, hazıradək həmin qərar ibtidai istintaq və məhkəmə baxışı mərhələsində olan cinayət işləri üzrə 429, habelə məhkum edilmiş 14160 şəxs barəsində tətbiq edilməklə ümumilikdə 14589 şəxsə şamil olunub.
2025-ci ildə prokurorluq orqanlarında cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 3066 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.
Qeyd edilib ki, hesabat dövründə Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətlərdən 28183 müraciət üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 4488 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılmış və həmin məlumatlar üzrə cinayət işləri başlanmış, habelə müvafiq prokuror təsir aktları qəbul edilməklə zəruri tədbirlər görülüb.
Hesabat dövründə valideynlik vəzifələrini yerinə yetirməyən, tüfeyli həyat tərzi keçirən, həmçinin zərərli vərdişləri ilə əlaqədar himayələrində olan azyaşlı uşaqlarının həyatlarını təhlükəyə atan valideynlərə qarşı valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 11 mülki iddia (16 uşağın 14 valideyni barəsində) qaldırılıb, həmin iddiaların 5-i təmin edilib, 6-ı isə hazırda məhkəmə baxışındadır.
Kollegiya iclasında qeyd edilib ki, ötən ildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1-nə irad tutulub, 13-nə töhmət və ya şiddətli töhmət elan edilib, 5 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric edilib.
Baş prokuror bildirib ki, 2025-ci ildə prokurorluq orqanları tərəfindən ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi təşkil edilmişdir. Belə ki, 2025-ci ilin 20 – 23 may tarixlərində Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasın Bakı şəhərində yüksək səviyyədə təşkil olunması həm ölkəmizin beynəlxalq arenada artan nüfuzuna, həm də Azərbaycan Prokurorluğunun beynəlxalq əməkdaşlıq sahəsində əldə etmiş olduğu müsbət nailiyyətlərə bariz nümunə hesab oluna bilər.
Tədbirə 92 ölkədən 120-dən artıq dövlət qurumunu təmsil edən nümayəndələr, o cümlədən prokurorluq orqanları, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar qoşulub, ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılmış və 100-dən çox çıxış ilə 20-dən çox panel müzakirə olunub.
Həmçinin 2025-ci ilin avqust ayının 22-də Laçın rayonunda xarici qonaqların iştirakı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”, sentyabr ayının 22-də isə Uqanda, Laos, Tanzaniya, Keniyanın prokurorluq qurumlarının rəhbərləri və Türkiyə Baş Prokurorluğunun nümayəndələrinin iştirakı ilə paytaxt Bakı şəhərində Azərbaycan Prokurorluğunun təşkilatçılığı ilə “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfranslar keçirilmişdir.
Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə 65 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.
Vurğulanıb ki, 2025-ci ildə də vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılmış, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində nöqsanların aradan qaldırılması, şəhid ailələri və qazilərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılması, informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunması, əməkdaşların peşə hazırlığının yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Bu müddətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror tərəfindən 26 şəhər və rayonlarda, o cümlədən Bakı şəhərinin rayonlarında 950-dən artıq vətəndaş qəbul edilməklə müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe prokurorlara müvafiq göstərişlər verilmiş, həmçinin təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrə və sosial məsələlərə dair müraciətlərin müvafiq mərkəzi, yerli icra hakimiyyəti və məhkəmə orqanlarında zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə göndərilməsi təmin edilib.
Hesabat dövründə Elm-Tədris Mərkəzi tərəfindən ölkə daxili aparıcı təhsil müəssisələri, xarici ölkələrin prokurorluq, ədliyyə orqanlarının nəzdində fəaliyyət göstərən təhsil mərkəzləri ilə əməkdaşlıq münasibətlərinin uğurla davam etdirildiyi, prokurorluq və digər qurumların əməkdaşları üçün maarifləndirmə, yaxud təcrübə mübadiləsinə xidmət edən çox saylı seminar və treninqlərin keçirildiyi, həmçinin müxtəlif məzmunda metodiki vəsaitlərin hazırlanmaqla dərc edildiyi diqqətə çatdırılıb.
2025-ci il ərzində Baş prokuror yanında Elmi-Məsləhət Şurasının fəaliyyəti yüksək qiymətləndirilməklə qanunvericiliyin inkişafı, hüquqi təcrübədə rast gəlinən ziddiyyətlərin həlli, eləcə də bu kimi digər əhəmiyyət kəsb edən sahələrdə Şura üzvləri tərəfindən göstərilmiş təşəbbüskarlıq xüsusi olaraq qeyd edilib.
Eyni zamanda kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub.
Baş prokuror tərəfindən prokurorluq əməkdaşlarına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış mübarizədə şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə həssaslıqla yanaşılması, qeyd edilən kateqoriyadan olan vətəndaşların qəbulunun dərhal təmin edilməsi və onların müraciətlərinə təxirəsalınmadan baxılması və diqqət göstərilməsinin vacibliyi xüsusi olaraq vurğulanıb.
Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Baş prokuror ictimaiyyətin maarifləndirilməsi, əhalinin hüquqi savadlılığının artırılması məqsədilə hazırlanmaqla icraya yönəldimiş “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi”inin əhəmiyyətini, Yol Xəritəsində yer almış hər bir tədbirin önəm kəsb etməsini xüsusi vurğulamaqla onların təxirə salınmadan müəyyən olunmuş müddətlərdə icrası ilə bağlı müvafiq göstəriş verib.
Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov tərəfindən edilmiş çıxışlar zamanı hesabat dövründə cavabdeh olduğu sahələr üzrə görülmüş işlər, əldə olunmuş uğurlar və yol verilmiş nöqsanlar diqqətə çatdırılıb.
İclasda çıxış edən Xızı rayon prokuroru Xəyalə Aslanova və Kəlbəcər rayon prokuroru İlkin İsmayılov tərəfindən hesabat dövründə qeydə alınmış cinayət hadisələri, onların istintaqı vəziyyəti, xidməti fəaliyyət zamanı rastlaşılan çətinliklər ətrafında məruzələr edilib.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev qanunun aliliyinin təminatçısı qismində hər zaman əzmlə xidmət aparan prokurorluq əməkdaşlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında icra edilən dövlət siyasətinin uğurla davam etdirilməsinin əsas təminatçılarından olmaqla, ölkə daxili ictimai-siyasi sabitliyə, ərazi bütövlüyü və suverenliyimizə qarşı yönələn istənilən cinayətkar ünsürə qarşı qətiyyətlə mübarizə aparacaqlarına, bu məqsədlə qanunla üzərlərinə qoyulmuş vəzifələrin layiqli icrası üçün bütün bilik və peşə bacarıqlarını səfərbər edəcəklərinə, cari ildə yeni uğur və nailiyyətlərə imza atacaqlarına əminliyini ifadə edib.
***
09:43
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir.
APA xəbər verir ki, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilən iclasda 2025-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunur.


