
Avropa İttifaqı Şurası Rusiya təbii qazına tam qadağa qoyulması ilə bağlı qərarı təsdiqləyib.
APA-nın Moskva bürosu xəbər verir ki, Aİ-nin iyirmi yeddi üzv dövləti rəsmi olaraq həm Rusiya boru kəməri qazının, həm də sıxılmış təbii qazın (LNG) Aİ-yə idxalını tədricən dayandıran reqlamenti qəbul edib.
Reqlamentə görə, qısamüddətli müqavilələr üçün LNG-yə qoyulan qadağa 25 aprel 2026-cı ildə, boru kəməri qazına qoyulan qadağa isə 17 iyun 2026-cı ildə, uzunmüddətli müqavilələr üçün isə LNG-yə qoyulan qadağa 1 yanvar 2027-ci ildə, boru kəməri qazına qoyulan qadağa isə 30 sentyabr 2027-ci ildə qüvvəyə minəcək.
1 mart 2026-cı il tarixinə qədər Aİ ölkələri qaz təchizatının şaxələndirilməsi üçün milli planlar hazırlamalı və Rusiya yanacağının əvəzlənməsi ilə bağlı potensial problemləri müəyyən etməlidir. Bu məqsədlə şirkətlərdən Rusiya qazı üçün mövcud olan hər hansı müqavilələr barədə hakimiyyət orqanlarına və Avropa Komissiyasına məlumat vermələri tələb olunacaq.
Lakin bir və ya daha çox Aİ ölkəsinin enerji təhlükəsizliyinə kəskin təhdid yarandıqda, Rusiya ilə qısamüddətli müqavilə hələ də mümkündür.
Qeyd edək ki, Rusiya boru kəməri qazı və sıxılmış təbii qazının idxalına qoyulan qadağa Aİ-nin 19-cu sanksiya paketində elan edilib.
Enerji və Təmiz Hava üzrə Tədqiqat Mərkəzinin məlumatına görə, Ukraynadakı tammiqyaslı müharibənin başlanmasından 2025-ci ilin sentyabr ayına qədər Aİ bütün Rusiya sıxılmış təbii qaz ixracatının yarısını alıb. Aİ-dən sonra Rusiya qazının idxalçıları siyahısında Çin və Yaponiya gəlir.
***
13:52
Avropa İttifaqı ölkələri 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalının qadağan edilməsini təsdiqləyib.
APA bu barədə “Reuters”ə istinadən xəbər verir.
Qeyd edək ki, qanuna əsasən Avropa İttifaqı 2026-cı ilin sonuna qədər Rusiyada mayeləşdirilmiş təbii qaz, 2027-ci il sentyabrın 30-na qədər isə boru xətti vasitəsilə təbii qaz idxalını dayandıracaq.
Macarıstan sözügedən qərara etirazını bildirib və məsələni Avropa Ədalət Məhkəməsində qaldırmağı planlaşdırır.


