Bakı. Trend:
Volvo şirkəti 2020-ci ildən bəri istehsal olunan avtomobillərin
informasiya-əyləncə sistemləri üçün proqram təminatı yeniləməsini
elan edib.
Trend xəbər verir
ki, yeniləmə təxminən 2,5 milyon avtomobili əhatə edəcək və onların
funksionallığını xeyli dərəcədə müasirləşdirəcək. Yenilənmiş
sistemin interfeysi Volvo-nun ən son modelləri olan EX30, EX60 və
EX90-a bənzəyəcək.
Proqram təminatına Google-un Gemini süni intellektinə əsaslanan
virtual köməkçi də inteqrasiya olunacaq. Bu köməkçi yalnız standart
əmrləri yerinə yetirməklə kifayətlənməyəcək, eyni zamanda
istifadəçilərlə söhbət apara və müxtəlif suallara cavab verə
biləcək.
Volvo şirkəti bu layihəni dünya avtomobil tarixində həyata
keçirilən ən böyük məsafədən proqram yeniləmələrindən biri kimi
qiymətləndirir. Prosesin geniş miqyasına baxmayaraq, yeniləmə
avtomobil sahiblərindən minimal müdaxilə tələb edəcək.
İstifadəçilər sadəcə avtomobili internetə qoşmalı və məsafədən
yeniləmə funksiyasını aktivləşdirməlidirlər.

