
Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Fransaya 143,1 milyon ABŞ dolları
dəyərində 281,1 min ton bitumlu süxurlardan əldə edilmiş xam neft
və neft məhsulları ixrac olunub.
Bu barədə Trend
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 54,8 milyon ABŞ dolları və ya 1,6 dəfə,
həcm baxımından isə 128,5 min ton və ya 1,8 dəfə çoxdur.
Qeyd olunan dövrdə Fransa Azərbaycandan ən çox neft ixrac edən
ölkələr arasında 12-ci olub.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu
süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4
milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1
milyard ABŞ dolları təşkil edib.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,
lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə
alınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac
həcminin 48,28%-ni təşkil edib.


