Tender müqavilələrinin imzalanması ilə bağlı YENİLİK

Baş səhifə

Bakı. Trend:

Satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla
təsərrüfat subyektləri arasında satınalma müqavilələri “Rəqəmsal
dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılacaq.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, bu qanun satınalan təşkilatın cari
ilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzində
cəmi dəyəri 10 min manatadək (ali, 1-ci və 2-ci kateqoriya dövlət
orqanları, habelə cari ilin 1 yanvar tarixinə dövlət büdcəsindən
maliyyələşdirilməyən satınalan təşkilatlara münasibətdə isə 20 min
manatadək) olan satınalmalara şamil edilmir.

Təklif edilən dəyişikliyə əsasən, yuxarıdakı abzasda
göstərilən halda müvafiq satınalmalarla bağlı müqavilə satınalan
təşkilat tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra –
informasiya sistemi) vasitəsilə imzalandıqdan sonra bu qanuna uyğun
olaraq müvafiq məlumatlar həmin informasiya sistemi tərəfindən
avtomatik şəkildə dərhal portala ötürüləcək və satınalma
komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 iş günü
ərzində müvafiq məlumatı portalda dərc edəcək.

Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra satınalan
təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs
olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti,
satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə
məlumatların portalda yerləşdirilməsi üçün həmin məlumatlar
informasiya sistemi tərəfindən dərhal portala ötürüləcək və
satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3
iş günü ərzində həmin məlumatları portalda dərc edəcək.

Mövcud qanunvericiliyə görə, məxfi məlumatlarla əlaqəli
satınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağız
daşıyıcılarında həyata keçirilir.

Qanun layihəsinə əsasən, yuxarıdakı abzasda göstərilən
satınalmalar, habelə qalib təchizatçı qeyri-rezident olduğu hallar
istisna olmaqla bu qanunun şamil edildiyi satınalmalara dair
müqavilələr üzrə müqavilələrin bağlanılması və göndərilməsi
informasiya sistemi vasitəsilə elektron qaydada həyata
keçiriləcək.

Mövcud qanunvericiliyə görə, bu qanun aşağıdakı malların,
işlərin və ya xidmətlərin satın alınmasına şamil edilmir:

  • yalnız dövlət orqanı (qurumu) və ya təbii inhisar subyektləri
    tərəfindən təqdim edilən və qiymətləri (tarifləri) dövlət
    tərəfindən tənzimlənən (müəyyən edilən) mallar, işlər və ya
    xidmətlər;
  • “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunla tənzimlənən
    münasibətlər çərçivəsində mallar, işlər və ya xidmətlər;
  • müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra
    hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya
    müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)
    razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri
    tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan
    Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli
    büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət
    zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları,
    büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla,
    digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya
    xidmətlər.

Həmçinin, satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının
(dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla)
mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına
satın alınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Bu qanun satınalan təşkilatın cari ilin satınalma planında nəzərdə
tutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri 10 min manatadək
(ali, 1-ci və 2-ci kateqoriya dövlət orqanları, habelə cari ilin 1
yanvar tarixinə dövlət büdcəsindən maliyyələşdirilməyən satınalan
təşkilatlara münasibətdə isə 20 min manatadək) olan satınalmalara
şamil edilmir.

Qanun layihəsinə əsasən, yuxarıdakı iki abzasda nəzərdə
tutulan mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin
bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə
elektron qaydada həyata keçiriləcək.

Mövcud qanunvericiliyə görə, məzarət orqanı yekun protokolu
aldıqdan sonra 10 (on) iş günü ərzində yekun protokolun təsdiq
olunub-olunmaması haqqında qərarı qəbul etmədikdə, yekun protokol
təsdiq edilmiş hesab olunur və bu barədə məlumat dərhal portalda
əks olunur.




Qanun layihəsinə əsasən, satınalmanın nəticələri barədə
satınalma komissiyasının yekun protokolunun təsdiq edilməsi barədə
nəzarət orqanının qərarı (yuxarıdakı abzasa uyğun olaraq nəzarət
orqanının bununla bağlı qərarı olmadıqda təsdiq edilmiş hesab
olunan yekun protokollar), qalib təchizatçının təklifi (iş həcmləri
cədvəli və qiymət təklifi) dərhal informasiya sisteminə
ötürüləcək.

Mövcud qanunvericiliyə görə, satınalan təşkilat təklifin şərtlər
toplusunda göstərilmiş qüvvədə olma müddətinin bitməsinə 3 iş günü
qalanadək qalib təchizatçının təklifini aksept edir.

Təklif edilən dəyişikliyə əsasən, satınalan təşkilat
satınalma müqaviləsini informasiya sistemi vasitəsilə tərtib edib
təchizatçıya portal vasitəsilə təqdim olunan aksept bildirişi ilə
eyni vaxtda göndərəcək. Qalib təchizatçı 5 iş günü ərzində
satınalma müqaviləsini informasiya sistemində gücləndirilmiş
elektron imza ilə imzalayacaq və satınalan təşkilata bu qanuna
əsasən tələb olunan icra təminatını təqdim edəcək. Satınalan
təşkilat satınalma müqaviləsini şərtlər toplusunda müəyyən edilmiş
müddət ərzində, lakin 10 iş günündən gec olmayaraq informasiya
sistemində gücləndirilmiş elektron imza ilə imzalayacaq.

Mövcud qanunvericiliyə görə, satınalma müqaviləsi qalib
təchizatçı tərəfindən imzalananadək satınalma komissiyası
əvvəlcədən şərtlər toplusunda göstərmişdirsə, satınalma predmetinin
hər vahidinin qiymətini və xüsusiyyətlərini (göstəricilərini)
dəyişdirməmək, həmçinin ehtimal olunan qiyməti keçməmək şərti ilə
nəzarət orqanının razılığı ilə satınalma predmetinin həcmini
(miqdarını) 10 faizə qədər artırıb-azalda bilər.

Qanun layihəsinə əsasən, satınalma predmetinin həcmi
(miqdarı) dəyişdirildiyi təqdirdə, satınalan təşkilat bu barədə
məlumatı informasiya sisteminə dərhal ötürəcək.

Mövcud qanunvericiliyə görə, satınalma müqaviləsi qüvvəyə
mindikdən sonra müqavilənin şərtlərinin dəyişdirilməsinə yol
verilmir. Ssatınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsi
barədə tərəflərin bir-birinə etdiyi yazılı müraciətlərə 10 iş günü
müddətində baxılır.

Qanun layihəsinə əsasən, razılıq əldə edildiyi halda bu
dəyişikliklər informasiya sistemi vasitəsilə həyata
keçiriləcək.

Mövcud qanunvericiliyə görə, ehtimal olunan qiymətdən asılı
olmayaraq qapalı tender, bir mənbədən satınalma və çərçivə
sazişinin bağlanması ilə nəticələnən açıq tender və ya kotirovka
sorğusu metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq
edilə bilər.

Qanun layihəsinə əsasən, nəzarət orqanı tərəfindən satınalma
metodları ilə bağlı verilən razılıqlar informasiya sisteminə dərhal
ötürüləcək.

Məlumat üçün bildirək ki, yuxarıda müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi
dedikdə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi nəzərdə
tutulur.