Qəzza üzrə Sülh Şurasının nizamnaməsi Davosda imzalanacaq

Baş səhifə

Bakı. Trend:

Qəzza sektoru üzrə Sülh Şurasının nizamnaməsinin imzalanma
mərasimi yanvarın 22-də Davosda keçiriləcək Ümumdünya İqtisadi
Forumu çərçivəsində baş tutacaq.

Trend xəbər verir
ki, bu barədə ABŞ-nin “Axios” portalının müxbiri Barak Ravid
məlumat yayıb.

Jurnalist ABŞ Prezidenti Donald Tramp tərəfindən dövlət və
hökumət başçılarına göndərilən dəvətin fotosunu da paylaşıb.

Məlumata görə, Sülh Şurasına qoşulmaq təklifi müxtəlif ölkələrin
liderlərinə göndərilib. Dəvəti alanlar arasında Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif,
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev və digər dövlət və hökumət başçıları var.




Qeyd edək ki, Sülh Şurası ABŞ-nin rəhbərlik etdiyi
hökumətlərarası təşkilatdır. Şuranın nominal məqsədi sabitliyə
töhfə vermək, etibarlı və qanuni idarəetməni bərpa etmək, eləcə də
münaqişədən zərər çəkmiş və ya münaqişə riski olan ərazilərdə
davamlı sülhün təmin olunmasına dəstək göstərməkdir.

Şuranın yaradılması 2025-ci ilin sentyabrında ABŞ Prezidenti
Donald Tramp tərəfindən təklif edilib, onun təsis edildiyi isə
2026-cı il yanvarın 15-də elan olunub.

BMT Təhlükəsizlik Şurasının ABŞ tərəfindən hazırlanaraq 2025-ci
ilin noyabrında qəbul etdiyi 2803 saylı qətnaməyə əsasən, Sülh
Şurası Qəzza sektorunda idarəetmə, yenidənqurma və müharibədən
sonrakı iqtisadi bərpaya dəstək göstərmək səlahiyyətinə
malikdir.