
Kamandan oxatma üzrə qapalı məkanda keçirilən Azərbaycan çempionatının qalibi olan Yaylagül Ramazanovanın hədəfi Yay Olimpiya Oyunlarında medal qazanmaqdır.
İdmançı bu barədə “Report”a açıqlama verib.
O, ölkə çempionatında birinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb:
“Azərbaycan çempionatında qızıl medal qazanmaq qürurvericidir. Bunda baş məşqçimin də böyük rolu var. Belə yarışların keçirilməsində, təbii ki, Gənclər və İdman Nazirliyinin, Kamandan Oxatma Federasiyasının böyük zəhməti var. Ölkə başçısı, cənab Prezident İlham Əliyev də idmana böyük diqqət və qayğı göstərir”.
Y.Ramazanovanın sözlərinə görə, yarışların tez-tez keçirilməsi ölkəmizdə bu idman növünün inkişafına mühüm təkan verəcək.
“Qarşıdakı hədəf isə hər bir idmançının arzusu olan olimpiya medalı qazanmaq və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etməkdir”.
Qeyd edək ki, Yaylagül Ramazanova Paris-2024 Yay Olimpiya Oyunlarının iştirakçısıdır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


