
Bakı. Trend:
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini
yad edib.
Trend xəbər verir ki,
dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil
qoydu.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
X X X
20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli,
kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub,
müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin
rəmzinə çevrilib. 36 il əvvəl doğma Vətəninin, xalqının azadlığını,
şərəf və ləyaqətini hər şeydən üstün tutan Azərbaycanın mərd
övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə
ucaldılar. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi
uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını
qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın
qəhrəmanlıq salnaməsinə tarixi səhifə yazdılar. Sovet qoşunlarının
Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə
baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur.
Qanlı 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ilə
bağlı məsələ ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin
sayəsində həllini tapdı. Faciənin səhəri günü – 1990-cı il yanvarın
21-də Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələrək xalqla birgə olduğunu bildirdi, bu qırğını törədənləri
pisləyən kəskin bəyanatla çıxış etdi. Dahi şəxsiyyət bu hadisəni
hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan edərək, onun
törədilməsini kobud siyasi səhv kimi qiymətləndirdi. Xalqımızın
başına gətirilən müsibəti dünyaya çatdıran Ümummilli Lider 20
Yanvar faciəsinin Azərbaycanın ovaxtkı rəhbərlərinin xalqımıza
qarşı xəyanəti nəticəsində baş verdiyini və bunun cinayət olduğunu
dəfələrlə bəyan edib. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini,
xalqının sədaqətli oğlu olduğunu bir daha nümayiş etdirib.
1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ümummilli Lider
Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan
Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə
siyasi-hüquqi qiymət verən qərar qəbul olundu. Bu qərar Ulu Öndər
Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə
qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti
aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından
sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti
açıqlandı. 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində
tam siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları
ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan
edildi.
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini
dərin ehtiramla yad edir. Vətənimizin azadlığı uğrunda mübarizədə
canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi,
onların ailə üzvləri, doğmaları da hərtərəfli dövlət qayğısı ilə
əhatə olunub. 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əlillərin
sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər
həyata keçirilir. Onların pensiya təminatı, mənzil şəraitinin
yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı
qanunvericilik bazası yaradılıb.
Ulu Öndərin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün
şaddır. Çünki Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan
Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı
erməni işğalından azad etdi və suverenliyimiz tam bərpa olundu.
İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı qürurla
dalğalanır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı
bərpa-quruculuq işləri gedir, Böyük Qayıdış Proqramı uğurla icra
olunur.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası
bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının
qanının yerdə qalmadığını sübut edir.


